22 Dekabr 2024, Bazar

Yeni mövsümün başlamasına az bir müddət qalmış “Araz” futbol komandası təlim-məşq toplanışını sürətləndirib. Naxçıvan təmsilçisi ilk yoxlama oyununu bu yaxınlarda keçirəcək. Naxçıvan Muxtar Respublika Stadionunun ev sahibliyi edəcəyi görüşə Əsgər Abdulla­yevin yetirmələri ciddi hazırlaşırlar. Yeni təmir olunmuş arenada azarkeşlər qarşısına çıxacaq “ağ-qırmızılar” ilk matçda meydanı qələbə ilə tərk etmək istəyirlər. “Araz”ın yeni mövsümə necə hazırlaşdığını, komandanın hazırkı vəziyyətini yaxından öyrənmək üçün baş məşqçi Əsgər Abdulla­yevlə söhbətləşdik.

“Ürəkaçan odur ki, komandanın məşq etməsi üçün hər cür şərait yaradılıb”...

– Premyer liqada uzun illər çalışan bir məşqçi kimi yeni yaradılan bir komandada – birinci divizion təmsilçisində çalışmaq çətin deyil ki?
– Yeni yaradılan komandada çalışmaq çətin deyil. Niyəsinə gəlincə, “AZAL”da, “Turan”da və digər fəaliyyət göstərdiyim klublarda çalışdığım vaxtlar komandanı sıfırdan özüm yığmışam. İndi fərqli cəhət odur ki, reqlamentə görə, 8 nəfər 21 yaşlı olmalıdır. Birinci divizionda çıxış edən komandalar eyni problemlə üzləşdiyi üçün seçim etmək elə də asan deyil. Biz komandanı artıq yığmışıq və yoldaşlıq oyunlarında futbolçuların hansı səviyyədə olduğu daha aydın görünəcək.

– Yeni formalaşdırılan komanda sizin etimadınızı doğruldacaqmı? Qurduğunuz komandaya inanırsınızmı?
– Məqsədimiz yerli oyunçular yetişdirməkdir. Elə vaxtımızın çox hissəsini də buna sərf etdik. Deyərdim ki, 40 yaşından 2001, 2002-ci il təvəllüdə kimi hamını sınaqdan keçirdik, onların bəzilərini burda saxladıq. Reqlamentə görə, yaş limitinin qoyulması və həmin yaşlı uşaqların hərbi xidmətə yollanması seçimi xeyli çətinləşdirdi. Buna baxmayaraq, komandanı formalaşdıra bildik. Ürəkaçan odur ki, komandanın məşq etməsi üçün lazımi şərait yaradılıb. Yoldaşlıq görüşlərində necə komanda olduğumuzu göstərəcəyik. Mən komandama inanıram və futbolçuların hamısının “Araz”a layiq olduğunu düşünürəm.
– Klubun belə bir şəraitinin olduğunu bilirdinizmi?
– “Araz”a razılıq verməmişdən əvvəl mənim üçün maraqlı idi ki, burda necə şərait var. Gəldim, şəraitə baxdım və gördüm ki, güclülər dəstəsində çıxış edən bəzi klublarda belə, bu cür şərait yoxdur. Yeni komanda formalaşdırmaq, yaxşı mübarizə aparmaq üçün ən azından klubun bazası olmalıdır. Məsələn, mən bir çox klublarda çalışarkən – “Bakı”da, “AZAL”da – onların bazaları hələ yox idi, orda-burda məşq edirdik. Bugünkü gündə belə bir şəraiti olan klubda çalışmaq məşqçi üçün çətin deyil. Buranı görüb seçimimi etdim. Naxçıvan Muxtar Respublikasında olan qayda-qanun, nizam-intizam məni daha çox cəlb etdi, çox şeylər məni yaxşı mənada təəccübləndirdi. 12 il əvvəl burda olmuşdum. Naxçıvan tamam dəyişib.

“Bura həmişə istedadlı futbolçular yetişdirib”

– Komandada gənc futbolçularla yanaşı, təcrübəli, premyer liqada top qovmuş futbolçular da var. Maraqlıdır, niyə Əsgər Abdullayev digər yaşlı futbolçuları yox, məhz Emin İmam­əliyevi seçib?
– Birincisi, Emin İmaməliyevin peşəkar futbolçu olmağında bir çox məşqçi kimi, mənim də əməyim var və uzun illər Azərbaycan millisinin aparıcı futbolçularından olub. Premyer liqada bir çox komandanın formasını geyinib və fikirləşdim ki, o, təcrübəsini gənc oyunçulara da aşılaya bilər. Məşqçi məşq zamanı hər bir futbolçu ilə yaxından maraqlanır, öz tapşırıqlarını verir. Amma meydanda gərək bir təcrübəli oyunçu olsun ki, məşqçinin dediklərinin pərdəarxasını görsün və görüntünü oyunçulara çatdırsın, komandanı meydanda öz arxasınca apara bilsin. Eminin yerinə başqa futbolçunu da götürə bilərdim, ancaq mən İmaməliyevin üzərində durdum və onu bura dəvət etdim.
– Naxçıvanda olan gənc futbolçular sizdə hansı fikri yaratdı? Burda futbolun inkişafı üçün nə çatmır?
– Naxçıvanda həmişə futbol ənənəsi olub. Azərbaycanda 4-5 futbol regionu varsa, biri də Naxçıvandır. Bura həmişə istedadlı futbolçular yetişdirib. O vaxtlar “Neftçi”yə bir çox oyunçular bəxş edib. Biz orda oynayarkən rəhmətlik Allahverdi Səfərov, İbrahim Rzayev, Elxan Babayev kimi oyunçular dəvət olunmuşdu. Konkret olaraq, Naxçıvanda talant çoxdur, təəssüflər olsun ki, məktəb yoxdur.
– Yeni yaradılan “Araz” futbol klubunun rəhbərliyi Əsgər Abdullayevin qarşısında hər hansı bir məqsəd qoyubmu?
– Qarşıma, birinci növbədə, komandanı qurmaq, Naxçıvan futbolunu dirçəltmək və gələcəkdə səviyyəli komanda halına gətirmək məqsədi qoyulub. Təbii ki, məşqçi kimi mənim də öz məqsədlərim var. Məqsəd yeni yaradılan “Araz”ı daha yaxşı bir komanda kimi formalaşdırmaq, növbəti ildə komandanı güclülər dəstəsinə yüksəltməkdir.
– Hazırda “Araz”ın heyətində gənc naxçıvanlı futbolçulardan elə bir istedadlısı varmı ki, gələcəkdə həmin futbolçu daha irəli getsin və desinlər ki, “bu, Əsgər Abdullayevin tapıntısıdır?”
– Yenə deyirəm, Naxçıvanda istedadı olan futbolçular çoxdur. Oyunçulara böyük ümidlə baxıram. Hətta bizim bir fikrimiz də var ki, heyətə düşməyən oyunçulardan ibarət ikinci heyəti də quraq, onların da üzərində çalışaq. Məşqlərdə 2001, 2002-ci il təvəllüdlü uşaqlara bəzən şans verirəm ki, oynasınlar, təcrübə toplasınlar. Onların nə qədər məşqçiyə inamı, futbola həvəsləri olarsa, o zaman bu regionda futbol daha sürətlə inkişaf edər.
– İndi bir problem yaranıb: “Araz”ın çempionatda çıxışına icazə vermək istəmirlər. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
– Mənə komandanı qurmaq tapşırılıb. Bu məsələ, yəqin ki, klub rəhbərliyi və AFFA arasında öz həllini tapacaq. Fikrimə gəlincə, belə bir bölgədə, belə bir şəraiti olan yerdə futbolun olması vacibdir. Şəhərə çıxarkən insanlar yaxınlaşır, komandanın yenidən yaranmasına görə sevindiklərini bildirirlər.
Azarkeşlərin bu qədər istəkli olması bir tərəfdən sevindirici haldır, digər tərəfdən çox məsuliyyət yaradır. Çünki onlar istədikləri komandanı görmək istəyirlər. Bu gün “Araz”ın yaranmasını sevinclə qarşılayan naxçıvanlılar sabah komandanın uğurlu çıxışını istəyəcəklər. Naxçıvanda çalışmaq hər bir məşqçidən məsuliyyət tələb edir. Hər bir futbolçu ilə individual və ya ümumi danışarkən bildirirəm ki, bu regionda hər kəs futbolu çox sevir və uğur qazanmağa çalışmalıyıq.

“Mən bura vaxt keçirməyə gəlməmişəm”

– Bu heyətlə “Araz”ı birinci divizionun qalibi etmək mümkündürmü?
– Keçiriləcək oyunlarda bu, özünü göstərəcək. Fikrimcə, heyətdə perspektivli, istəkli futbolçular var və hər şey onlardan asılıdır. Mən bura vaxt keçirməyə gəlməmişəm. İstəyim birinci divizionda qalib olmaqdır.
Təbii ki, komandanın çıxış etdiyi turnirdə qalib olması üçün ilk olaraq futbolçuda istək, inam olmalıdır...
Futbolçularla danışarkən onlara deyirəm ki, baxmayaraq müqavilə imzalanıb, hər dəqiqə qarşılıqlı olaraq o, pozula bilər. Niyə? Futbolçu hər bir məşqə, oyuna son oyun kimi çıxmasa, o, mənə lazım deyil. Oyunçu hər an özünü göstərməlidir. Komanda daxilində rəqabət də olmalıdır. İstəyim çalışdırdığım komandanı güclülər dəstəsinə yüksəltməkdir və “Araz”ın mənim məşqçiliyimlə elitaya yüksəlməsini istəyirəm. Yenə deyirəm, Naxçıvan futbolu gələcəkdə daha böyük oyunçular yetişdirəcək, onlarda bu əzmkarlığı, istəyi görürəm. Mən bura dəvət olunanda “Dinamo”-“Universitet” oyununa baxdım. Bir müddət sonra yığma halında idmançıların oyununu izlədim. Həmin vaxt yağış yağmışdı, meydan su içində idi. Deyilənə görə, mənim özüm sərt oynayan futbolçu olmuşam, ancaq bəzi epizodlarda hətta gözlərimi yumurdum ki, indi nəsə olacaq, kiminsə ayağı qırılacaq; oyunçuların nə qədər ürəkli olduğuna şahidlik etdim. Futbolçuda özünəinam, istək olmalıdır ki, bunu da Naxçıvanda görürəm.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR