Naxçıvan Futbol Federasiyası (NFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə muxtar respublikada “Məşqçilər üçün professionallıq təlimləri” mövzusunda seminar təşkil olunub. AFFA-nın məşqçiləri Əli Muradov və Zaur Məmmədov tərəfindən aparılan seminarda 14 məşqçi iştirak edib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev qonaqlara məşqçilər, onların məşq prosesləri, eləcə də məşqlərin keçirildiyi məkanlar barədə məlumat verib.
Günün ilk yarısında AFFA-nın “Qızlar bacarır” adlı layihəsinə uyğun olaraq qadın futbolunu əhatə edən mövzular barədə məlumat verilib. Qızların futbola olan münasibəti, tapşırıqları qavrama qabiliyyətləri, oyun zəkası və düşüncələri ilə bağlı beynəlxalq sorğuların nəticələri təhlil olunaraq bununla bağlı fikir mübadiləsi aparılıb.
Sonra məşqçilərlə qızları və oğlanları daha səmərəli şəkildə məşq etdirmək, oyunçuların üzləşdikləri müxtəlif fiziki problemləri anlamaq kimi məsələlər müzakirə edilib.
Günün ikinci yarısında daha çox müzakirələr uşaq futbolu, məşqçilik və futbolçuların məşq prosesləri ilə bağlı olub. Diqqətə çatdırılıb ki, futbolçulara müxtəlif bacarıqlar öyrədilmir. Qeyd olunub ki, burada əsas məsələ bacarıqlı futbolçuları necə məşq etdirməkdir. Çünki oğlanların və qızların təfəkkür və qavrayışları bir-birindən fərqlidir. Buna görə də müasir futbolda qadınların fərqli şəkildə məşq etdirilməsi tələb olunur.
Seminar zamanı futbolçuları yaxşı məşq etdirmək və bacarıqlarının təkmilləşməsini görmək, qrupda liderlik imkanlarını mənimsəmək, daha gənc komanda üzvləri – oyunçular üçün nümunə olmaq məsələləri barədə fikirlər dinlənilib. Eyni zamanda futbolçuların düşünməsi, reaksiyaları, stress altında olması, həyat strategiyası kimi münasibətləri də müzakirə olunduqdan sonra seminar iştirakçıları arasında test tapşırıqları aparılıb.
Sonda seminarda iştirak edən məşqçilərə AFFA tərəfindən sertifikatlar təqdim edilib.
Naxçıvan Futbol Federasiyasının
mətbuat xidməti