Ümummilli liderimiz Heydər Əliyev insan sağlamlığında başlıca rol oynayan idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.
Bu gün ölkəmiz digər sahələrdə olduğu kimi, idman sektorunda da böyük inkişaf dövrünü yaşayır. Azərbaycanda mükəmməl idman infrastrukturunun formalaşdırılması bunun ifadəsidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda da idmanın inkişafı dövlətin prioritet məsələlərindən birinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Diyarımızda idmanın kütləviləşməsi, ölkədaxili və beynəlxalq turnirlərin təşkili, gənc nəslin bu sahəyə marağının artması və maddi-texniki bazanın möhkəmləndirilməsi muxtar respublika rəhbərinin ardıcıl və məqsədyönlü idman siyasətinin ifadəsidir.
O da xüsusi vurğulanmalıdır ki, idman sahəsində əldə edilən nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu baxımdan Naxçıvanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Gündən-günə artan medallar, idman obyektlərinin tikintisi, Naxçıvanın idman diyarı kimi imic formalaşdırması bu sahədəki nailiyyətlərin göstəricisidir.
Muxtar respublikada aparılan idman siyasətində bir xüsusi məqam da ondan ibarətdir ki, bu sahəyə qayğı təkcə şəhər və rayonlarla məhdudlaşmır, kəndlərdə belə, idmanın kütləviliyi təmin edilir. İxtisaslı idmançı kadrların yetişdirilməsi diqqətdə saxlanılır. Hazırda Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 40 mindən çoxdur ki, bunun da yarıdan çoxunu gənclər təşkil edir.
Qədim idman ənənələrinə malik olan Naxçıvanda dövlət bədən tərbiyəsi və idman qurumlarının yaradılması ötən əsrin sonlarına təsadüf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1994-cü il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb. Gələcək nəslin sağlam böyüməsinin, bədən tərbiyəsi və idman sahəsində kütləviliyə nail olunmasının zəruriliyini nəzərə alaraq və fəaliyyətini yaxşı qurması üçün 2 fevral 2010-cu il tarixdə nazirliyin yeni binasının açılışı olub.
2002-ci il fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında keçirilən bədən tərbiyəsi və idman sahəsinə dair ilk müşavirədə muxtar respublikada idmanın inkişafına nail olmaq üçün görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub. Ali Məclisin Sədri cənab Vasif Talıbov idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılmasını tövsiyə edib. Qısa zaman kəsiyində 12 idman federasiyası yaradılıb. Bir qədər sonra daha 3 federasiyanın fəaliyyəti təmin edilib. Rayonlarda süni örtüklü meydançaların, şahmat məktəblərinin, idman zallarının tikintisi və ya yenidən qurulması davam etdirilib. 2002-ci ildə Naxçıvan şəhərində, 2009-cu ildə isə Şərur rayonunda Olimpiya İdman komplekslərinin açılışı olub.
Muxtar respublikanın rayonlarında müasir standartlara cavab verən infrastrukturun yaradılması bölgələrdə yeniyetmə və gənclərin bu sahəyə marağının artması ilə nəticələnib. Belə ki, 2003-cü ildə Sədərək rayonunda açıq idman kompleksi, 2005-ci ildə rayon stadionu, 2009-cu ildə mini-futbol və voleybol meydançaları, Uşaq-gənclər şahmat məktəbi, 2008-ci ildə Kəngərli rayonunda mini-futbol, süni örtüklü meydançalar, 2015-ci ildə şahmat məktəbi, 2018-ci ildə rayon mərkəzi stadionu, 2007-ci ildə Babək rayonunda süni örtüklü meydança, 2008-ci ildə açıq idman kompleksi, 2013-cü ildə Uşaq-gənclər şahmat məktəbi tikilərək istifadəyə verilib. Culfa rayonunda isə 2001-ci ildə Uşaq-gənclər idman, 2006-cı ildə Uşaq-gənclər şahmat məktəbləri, mərkəzi stadion inşa olunub. Ordubad rayonunda 2009-cu ildə süni örtüklü mini-futbol stadionu, 2011-ci ildə Uşaq-gənclər şahmat məktəbi, Şahbuz rayonunda 2006-cı ildə Uşaq-gənclər şahmat məktəbi, 2007-ci ildə rayon mərkəzi stadionu uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu illər ərzində Şərur və Culfa rayonlarının müxtəlif kəndlərində yeni stadionlar tikilib. 2007-ci ildə isə Ali Məclisin Sədri tərəfindən Naxçıvan Şahmat Mərkəzinin təməli qoyulub, 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə mərkəzin açılışı olub.
Bütün bunlar göstərir ki, muxtar respublika rəhbəri başqa sahələrlə yanaşı, bədən tərbiyəsi və idman sahəsini də daim diqqətdə saxlayır. Naxçıvanın bir sıra dünya və Avropa çempionatlarına, beynəlxalq turnirlərə ev sahibliyi etməsi də diyarımızda həyata keçirilən uğurlu idman siyasətinin nəticəsidir.
Hazırda muxtar respublikada idmanın inkişaf konsepsiyasına uyğun olaraq uşaq, yeniyetmə və gənclərin sağlamlığının yaxşılaşdırılması müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkilidir. Bu sahədə əsas istiqamət isə şagirdlərin sağlam həyat tərzini formalaşdırmaq, onların fiziki inkişafını təkmilləşdirmək və şəxsiyyət kimi yetişdirməkdir. Bu gün Naxçıvanda fəaliyyət göstərən tam orta məktəblərin, demək olar ki, hər birində müasir tələblərə cavab verən idman zalları var. Yeni tikilən məktəblərin ərazisində şagirdlərin fiziki hazırlıq dərsləri keçməsi üçün açıq idman qurğuları salınıb, bəzi məktəblərin ətrafında isə süni örtüklü mini-futbol meydançaları tikilib.
Fiziki tərbiyənin məqsədi sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idmana maraq dairəsinin genişləndirilməsi, idman və gənclər təşkilatlarının, cəmiyyətlərin şəbəkəsini yaratmaq, kütləviliyə nail olmaqdır.
İdman insanda müsbət əxlaqi keyfiyyətləri tərbiyə və inkişaf etdirir. Bu, ölkəmizin işğala məruz qaldığı bir vaxtda onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır.
Muxtar respublikamızda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Diyarımızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarından, beynəlxalq turnirlərdən Vətənə medallarla qayıdırlar. 2019-cu ilin ilk yeddi ayında idmançılarımız ölkə birinciliklərində 130, beynəlxalq turnirlərdə 102, dünya çempionatında 2, Avropa çempionatında 1 medal olmaqla, 235 medal qazanıblar.
Bununla yanaşı, uşaq və gənclərin idmana cəlbi istiqamətində də əsaslı işlər görülməkdədir. Hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur. Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur. Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Bunu da vurğulayaq ki, artıq beynəlxalq idman yarışlarının muxtar respublikamızda təşkili də ənənə halını alıb. Belə ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Beynəlxalq Şahmat festivallarının, futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirin, Azərbaycan kubokunun final oyununun, müxtəlif beynəlxalq turnirlərin, usta ağır atletlər arasında dünya çempionatının, voleybol üzrə Azərbaycan birinciliyinin və digər yarışların Naxçıvanda keçirilməsi idmana göstərilən diqqətin bariz nümunəsidir.
Təbii ki, bu turnirlərin keçirilməsində Naxçıvanda təhlükəsizliyin, sabitliyin tam təmin olunması da mühüm rol oynayır. Naxçıvana gələn idmançılara xüsusi diqqətlə yanaşılır. Onlar buradan yüksək təəssüratlarla ayrılırlar. Naxçıvan bu beynəlxalq turnirlər vasitəsilə özünün tarixini, mədəniyyətini və turizm potensialını da nümayiş etdirir. Bu da onu təsdiqləyir ki, qədim diyarımız artıq beynəlxalq idman yarışlarının keçirildiyi bir məkan kimi tanınır.
Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib. Ali Məclisin Sədri cənab Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək deyib ki, Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə muxtar respublika birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Keçirilən idman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışlar gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlarda muxtar respublika idmançılarının da iştirakı təmin edilməlidir. Müşavirədə mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yerlərdə stadionların yenidən qurulması işinin davam etdirilməsi şəhər və rayon İcra hakimiyyətləri ilə Gənclər və İdman Nazirliyinə tapşırılıb.
Muxtar respublikada yaradılan idman infrastrukturunun, o cümlədən idman obyekt və qurğularının qorunması və onlardan səmərəli istifadə Gənclər və İdman, Təhsil nazirliklərinə, idman federasiyalarına, şəhər və rayon İcra hakimiyyətlərinə tapşırılıb.
Eyni zamanda Ali Məclisin Sədri işində nöqsanlara yol verən idman federasiyalarına qarşıdakı dövrdə öz fəaliyyətlərində dönüş yaratmaları, idmanın kütləviliyini təmin etmək üçün təbliğat mexanizmini düzgün qurmaları və digər məsələlər barədə tapşırıqlar verib.
Müşavirədən sonra gənclərin idmana cəlbi istiqamətində ardıcıl tədbirlər görülüb, muxtar respublikada sağlam gənc nəslin yetişməsi, onların zərərli vərdişlərdən uzaq durması, idman yarışları və spartakiadaların müvafiq idman federasiyaları ilə birlikdə təşkili diqqətdə saxlanılıb. Xüsusilə Şahmat, Futbol, Paralimpiya, Atıcılıq federasiyalarında struktur dəyişikliyi özünü qabarıq şəkildə büruzə verməkdədir. Şahmatçılarımızın son 9 ayda əldə etdikləri nailiyyətlər, federasiya rəhbərliyinin mütəmadi olaraq rayonlarda məşqçi-müəllimlər və zəka sahibləri ilə görüşləri bu idman növünə qayğı ilə yanaşıldığının əyani sübutudur. Cari ildən etibarən muxtar respublikada artıq uşaq yaş qrupları üzrə də çempionat təşkil olunacaq. Belə ki, Futbol Federasiyasında struktur dəyişikliyindən sonra tədbirlər planında yer alan əsas məsələlərdən biri də budur. Uşaq futbolunun inkişafı, kütləvi hal alması üçün artıq federasiya ölkə Futbol Federasiyası ilə birgə layihələr hazırlayıb. Eyni zamanda məşqçi və hakimlərin muxtar respublikada yetişdirilməsi üçün kurslar, seminarlar təşkil olunur.
İdmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, o zaman bunu deyə bilərik: idmana qayğı, idmanın kütləviliyinin təmin olunması həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Muxtar respublika rəhbərinin qayğısı ilə bu istiqamətdə həyata keçirilən belə tədbirlər bir daha onu deməyə əsas verir ki, Naxçıvanda idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Naxçıvanda muxtar respublika rəhbəri tərəfindən inamla davam etdirilir. Gənclərin sağlam fərd kimi formalaşmasına çalışan Ali Məclisin Sədri cənab Vasif Talıbov idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır, bu sahənin imicinin formalaşmasına çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Nailiyyətlərsə göz qabağındadır.
Ceyhun MƏMMƏDOV
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.