Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 14 komandanın 122 idmançısı mübarizə aparıb. İki gün davam edən birinciliyin həlledici qarşılaşmasında Daxili Qoşunların komandası ilə Şərur Rayon Polis Şöbəsinin komandası üz-üzə gəlib. İlk seti 28:26 hesablı qələbə ilə başa vuran Şərur təmsilçisi sonrakı setlərdə bu uğuru təkrarlaya bilməyib. Növbəti iki setdə qalib gələn Daxili Qoşunların (25:20, 25:13) komandası birinciliyin baş mükafatını qazanıb. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Daxili İşlər Nazirliyinin komandası Dövlət Yol Polisi komandasını məğlub edib – 2:0.
Birinciliyin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda idman siyasəti Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Naxçıvanda idmanın kütləviliyinə nail olmaq, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb. Muxtar respublikada idman və gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində şəhər və rayonlarımızda müasir standartlara cavab verən, hər cür şəraiti olan idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. İdman sahəsində reallaşdırılan uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevrilib.
General-leytenant Fazil Ələkbərov qeyd edib ki, muxtar respublikada vətəndaşlara, o cümlədən dövlət orqanlarının əməkdaşlarına göstərilən qayğının tərkib hissəsi olaraq polis əməkdaşlarının fiziki inkişafına və onlar üçün idman məşğələlərinin keçirilməsinə xüsusi diqqət yetirilir. Polis əməkdaşları arasında vaxtaşırı idman yarışları keçirilir, qalib idmançılar mükafatlandırılır.
Bildirilib ki, birinciliyin keçirilməsində məqsəd polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü inkişaf etdirməklə ölkə birinciliyində çıxış edəcək heyət formalaşdırmaqdır.
Daxili İşlər naziri yarışda uğur qazanan polis əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda qalib komandalar mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV