Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə 8 komanda iştirak edib. Komandalar olimpiya sistemi ilə yarışıblar. Şahbuz və Culfa rayonlarının komandaları arasında baş tutan final qarşılaşması şahbuzlu paralimpiyaçıların 8:2 hesablı qələbəsi ilə başa çatıb. Yarışın yekun nəticəsinə görə, Şahbuz, Culfa və Babək rayonlarının komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Sonda qalib komandalara Paralimpiya Federasiyasının qiymətli hədiyyələri verilib. Həmçinin yer tutmayan komandalara həvəsləndirici mükafatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti