Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində atıcılığın tir növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin və HeydərƏliyev adına Hərbi Liseyin komandaları arasında muxtar respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd atıcılığın tir növünün təbliğ edilməsi, bu idman növünün kütləviliyinə nail olunması və müdafiə vərdişlərinin formalaşdırılması idi. 6 komandanın iştirak etdiyi birincilikdə, ümumilikdə, 30 idmançı mübarizə aparıb.
Birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikamızda idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs ediblər.
Vurğulanıb ki, Naxçıvanda atıcılıq idman növünün inkişafı üçün hər bir şərait yaradılıb, mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, lazımi avadanlıqlar, müasir hədəflər və yeni silahlar alınıb.
Sonra komandalar birincilik uğrunda mübarizəyə başlayıb. Yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi Liseyin komandası birinci yerə layiq görülüb. Naxçıvan Tibb Kollecinin komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası üçüncü olub.
Qalib komandalara təşkilatçılar tərəfindən plaket və diplomlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti