Naxçıvan ölkənin futbol üzrə bir nömrəli turniri – Azərbaycan kubokunun final görüşünə də ev sahibliyi edib. Keçirilən həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Azərbaycan kubokunun final qarşılaşmasından əvvəl möhtəşəm açılış mərasimi olub. Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan tədbiri açıq elan edən aparıcı Kamran Həsənli Azərbaycan Respublikasının Əməkdar artisti Tünzalə Ağayevanı səhnəyə dəvət edib. Konsert proqramına stadiona gələn azarkeşlərə paylanan Azərbaycan bayraqları xüsusi rəng qatıb.
Oyuna gəlincə, nominal meydan sahibi olan “Qəbələ” ölkə kuboku tarixində 4-cü dəfə finalda mübarizə aparırdı. “Sumqayıt” isə tarixində ilk dəfə Azərbaycan kubokunun finalında iştirak edirdi. Eyni zamanda bu görüşün qalibi Avropa Liqasında mübarizə aparacaq 3-cü Azərbaycan təmsilçisini müəyyənləşdirəcəkdi. Görüşün taleyini bir qol həll edib. Yeganə qolu oyunun 3-cü dəqiqəsində “Qəbələ”nin fransız hücumçusu Stiven Monroz başla qapıdan keçirib və “qırmızı-qaralar” tarixi ərzində ilk kubokunu qazanıblar.
Azərbaycan kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev iştirak ediblər.
Əvvəlcə görüşün hakimləri, AFFA nümayəndəsi və hakim-inspektora xüsusi hədiyyələr verilib, gümüş medalın sahibi “Sumqayıt” futbolçuları mükafatlandırılıblar. Daha sonra qalib “Qəbələ”yə qızıl medallar və kubok təqdim edilib.
Fikirlər...
Azərbaycan kubokunun final görüşündən sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik:
Sənan Qurbanov – “Qəbələ”nin baş məşqçisi: – Hər şey möhtəşəm alındı və klub tarixində ilkə imza atdıq. Futbolçularım əsl qəhrəmandır. Adlarını klubun tarixinə qızıl hərflərlə yazdılar. Bütün güclərini ortaya qoyub, kuboku qazandılar. Ölkədə iki kubok var, birini əzəli rəqibimiz “Qarabağ” əldə etdi, digərini biz. Çempionatı istədiyimiz kimi keçirməsək də, sonra kubok əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edirəm. Eyni zamanda bizi Naxçıvanda dəstəkləyən azarkeşlərimizə minnətdaram. Naxçıvanda 4-cü dəfə keçirdiyimiz final görüşü bizim üçün uğurlu alındı.
Ayxan Abbasov – “Sumqayıt”ın baş məşqçisi: – Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım ki, uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdır. Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq. Naxçıvanda bizi dəstəkləyən azarkeşlərimizə, eyni zamanda sakinlərə minnətdarlığımı bildirirəm.
Ceyhun MƏMMƏDOV