22 Dekabr 2024, Bazar

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi

amerikalı Timur Qarayevlə müsahibə

– Timur, ilk olaraq sizi festivalın qalibi olmağınız münasibətilə təbrik edirik. Sizin üçün bu şahmat bayramı nə ilə yadda qalacaq?
– Bəli, mayın 1-dən davam edən şahmat həyəcanı sona çatdı və mən artıq bu turnirin qalibiyəm. Bu gün belaruslu şahmatçı Vadim Malaxatko ilə heç-heçəyə razılaşdım və bu, mənim çempionluğum üçün kifayət idi. Bir-birindən gərgin və maraqlı keçən oyunlardan sonra arzu etdiyim nəticəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Ayrıca olaraq, bu yaz Azərbaycanın qədim diyarına gələ bilmək, onun tarixini, mədəniyyətini və gözəl təbiətini öz gözlərimlə görmək imkanı da qazandım. 31 yaşım var və indiyə qədər gəzib gördüyüm yerlər arasında Naxçıvanın öz yeri olduğunu deyə ­bilərəm.
– Turnirin qalibi kimi oyunlar haqda nə deyə ­bilərsiniz?
– İlk olaraq onu qeyd edim ki, Naxçıvan şahmat oynamaq üçün əla yerdir. Burada şahmat taxtası arxasında oyunlara daha dərindən konsentrasiya olunurdum. Digər bir tərəfdən də oyunların gedişi mənim şansımı artırdı. Artıq festivalın bitməsinə bir tur qalmış özbək və iranlı rəqiblərim üzərindəki qələbədən sonra ən yaxın izləyicim Azərbaycan şahmatçısı Nicat Abasovla aradakı fərqi artırdım və sonuncu turda məni heç-heçə də qane edirdi.
– Naxçıvana ilk dəfədir ki, gəlirsiniz…

– Bəli, əvvəllər bir dəfə Bakıda olsam da, Naxçıvana ilk dəfədir ki, gəlirəm. Bu festivalda iştirak edə bilmək üçün imkan yarandıqda mən buna həvəslə razılaşdım və gördüyünüz kimi, artıq sizə bu möhtəşəm turnirin qalibi kimi müsahibə verirəm. Şübhəsiz, hər bir insanın ilk dəfə səfər etdiyi yerdə cəmi 10 günün içində hamı tərəfindən tanınması böyük sevincdir və bu xoşbəxtliyi mənə yaşatdığı üçün festivalın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Naxçıvanda olduğumuz zaman asudə vaxtlarımızda gəzib gördüyümüz yerlər, burada rastlaşdığım istiqanlı insanlar məndə yüksək qonaqpərvər Şərq mədəniyyəti təəssüratı formalaşdırdı. Dünyanın hər yerində olmasam da, beynəlxalq turnirlərdə iştirakla əlaqədar çox sayda ölkəyə səfər etmişəm və Naxçıvanda gördüklərim bu təəssüratlarımı daha da zənginləşdirdi.
– Oyunlar ərzində hansı çətin məqamları xatır­layırsınız?
– Bu turnirdə qalibiyyət heç də asan başa gəlmədi və yüksəkdərəcəli rəqiblərlə oynamalı oldum. Misal üçün Nicat Abasovla oyunda mən nəinki qələbəni əldən verdim, hətta müəyyən dəqiq olmayan gedişlərdən sonra mat olmaq təhlükəsi də yaşadım. Bu oyun çox gərgin keçdi. Eləcə də Fərid Abbasovla mübarizədə düşdüyüm çətin situasiyadan sonra bəxtimin gətirdiyini deyə bilərəm. Ümumiyyətlə, “A” qrupundakı bütün şahmatçılar dünya səviyyəli idilər və ilk iki turda qarşılaşdığım naxçıvanlı şahmatçıları da keçmək mənim üçün asan olmadı. Bir çoxları şahmatı gərgin zəka oyunu adlandırsalar da, bu yarış oyunçuların bir-birini daha yaxından tanımaları üçün bir fürsətdir. Festivalda mən çox sayda şahmatçı ilə tanış olub, dostlaşdım. Bir daha bu gözəl diyarda keçirdiyim günlər, maraqlı şahmat oyunları üçün festival təşkilatçılarına minnətdar­lıq edirəm.
– Müsahibə üçün sağ olun.

- Əli CABBAROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR