Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 7-ci turuna yekun vurulub.
Bu tur “A” qrupunda liderlərin qarşılaşması ilə yadda qalıb. Belə ki, amerikalı qrossmeyster Timur Qarayevlə (2560) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovun (2469) görüşündə sevinən tərəf amerikalı zəka sahibi olub. Azərbaycanlı qrossmeyster Nicat Abasovla (2633) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli (2454) arasında görüş də gərgin mübarizə şəraitində keçib. Qarşılaşma heç-heçə başa çatıb. Elə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə belaruslu qrossmeyster Vladislav Kovalyevin (2678) də görüşü “sülh”lə yekunlaşıb. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovun (2495) görüşündə gülən tərəf Səfərli olub.
Bu turda ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) iranlı zəka sahibi Mehdi Orimi Qulami (2406), azərbaycanlı qrossmeyster Vüqar Rəsulovla (2533) iranlı qrossmeyster Purramezanali Əmirreza (2496) üz-üzə gəliblər. İlk görüşdə iranlı şahmatçı qələbə qazandığı halda, ikinci görüşdə azərbaycanlı qrossmeyster qələbəni bayram edib.
7-ci turda naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) yunanıstanlı qrossmeyster Vasilios Kotroniasla (2474) ağ-qara taxtada mübarizə aparıb. Görüşdə rəqiblər xalları yarı bölüb. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) də azərbaycanlı qrossmeyster Xəyalə Abdulla (2228) ilə “sülh” bağlayıb. Beynəlxalq usta Talıb Babayev (2329) azərbaycanlı zəka sahibi Ləman Hacıyevaya (2041) məğlub olub. FİDE ustamız Pərviz Qasımov (2328) bu turda hindistanlı şahmatçı Şantanu Bambureni (2261) məğlubiyyətə uğradıb. Digər FİDE ustamız Sadiq Məmmədov isə iranlı beynəlxalq usta Bardiya Daneşvarla (2324) görüşdə xal itirib.
7 görüşdən 6 xal toplayan amerikalı qrossmeyster liderliyə yüksəlib. Digər 7 zəka sahibi isə 5 xalla 2-8-ci yerləri bölüşür.
“B” qrupunda Fariz Əhmədovu (1775) məğlub edən Elxan Bayramov (2158) 6,5 xalla vahid liderliyə yüksəlib. Amil Abbasov (2215) və Babək Cəfərlinin (2171) isə aktivində 6 xal var.
Festivalın “C” qrupunda 8 zəka sahibinin aktivində 6 xal var. Onların dördü – Uğur Həsənli (1329), Hüseyn Qənbərli (1293), Zahid Allahverdiyev (1564) və Nazlı Hümbətova (1284) muxtar respublika təmsilçisidir.
Ceyhun MƏMMƏDOV