Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, məhdud fiziki imkanlı uşaqların idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikada yaradılan hərtərəfli şərait, göstərilən qayğı paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda uğurla çıxış etmələrinə imkanlar açıb.
Vurğulanıb ki, məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, sağlamlıq imkanları məhdud olan şəxslərin idmana cəlbi yönündə işlər görülür.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində gənclərin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu gün Naxçıvanda fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı üçün də ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır, asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər görülür.
Turnirin yekun nəticəsinə gəlincə, final görüşündə “Naxçıvan” komandasını 7:2 hesabı ilə məğlub edən “Şahbuz” komandası birinciliyin qalibi olub. “Sədərək” komandası isə üçüncülüklə kifayətlənib.
Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar. “Şahbuz” komandasına isə turnirin kuboku təqdim olunub.
Ceyhun MƏMMƏDOV