Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Final görüşündə “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Görüş birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla “qırmızı-ağlar” son 5 mövsümdə 4-cü dəfə kubok qazanıblar.
Mükafatlandırma mərasimindən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada idmanın inkişafına hərtərəfli şərait yaradılıb, mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir. Məhz buna görədir ki, Naxçıvanda beynəlxalq yarışlar yüksək səviyyədə keçirilir. Bu gün idmançılarımız beynəlxalq arenalarda uğur qazanırlar.
Bildirilib ki, muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nəticələr əldə olunur. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də stadionların tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb.
Nazir bu turnirdə qalib gələn komandanı təbrik edib, gələcək oyunlarında onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında bildirib ki, muxtar respublikamızın bütün rayonlarında və kəndlərində idmana maraq yüksək səviyyədədir və burada idmanın kütləviliyinin təmin olunmasına hər zaman xüsusi diqqət yetirilir. Muxtar respublikanın kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin olması gənclərdə futbola marağı daha da artırır.
Futbol Federasiyasının sədri turnirdə sərgilənən oyuna görə hər iki komandanı təbrik edib, qalib komandaya gələcək yarışlarda uğurlar arzulayıb.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, rayonun yaradılmasından keçən 15 il ərzində bütün sahələrlə yanaşı, idmanın da inkişafına hərtərəfli şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, Kəngərli rayonunun yetirmələri müxtəlif idman yarışlarında yüksək göstəricilər əldə edirlər. Ötən il Kəngərli rayon mərkəzi stadionunun istifadəyə verilməsi isə gənclərdə futbola marağı daha da artırıb. Bütün bunlar gənclərə və idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonda final iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qalib komandaya isə kubok təqdim edilib.
Ceyhun MƏMMƏDOV