Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open - 2019” Beynəlxalq Şahmat Festivalında ilk 5 tur geridə qalıb.
Bu turda azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) üz-üzəgəlib və görüş "sülh"lə başa çatıb. ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) ilə azərbaycanlı qrossmeyster Nicat Abasovun (2633) da görüşü heç-heçə başa çatıb. Azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərov (2495) azərbaycanlı qrossmeyster Fərid Abbasovla (2534), ukraynalı qrossmeyster Eldar Qasanov (2506) yunanıstanlı qrossmeyster Vasilios Kotroniasla (2474) xalları yarı bölüb.
Belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) azərbaycanlı beynəlxalq usta Gülnar Məmmədovanı (2349) məğlub edə bilməyib və heç-heçəyə razılaşıb. Özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) isə iranlı qrossmeyster Əmirreza Purramezanalidən (2496) üstün olub.
5-ci turda naxçıvanlı zəka sahiblərində qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı FİDE ustası Rəşad Zeynallıdan (2290) güclü olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) isə azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovaya (2280) uduzub. Digər beynəlxalq usta Talıb Babayev (2329) azərbaycanlı şahmatçı Nərmin Söyünlünü (2064) üstələyə bilməyib. Bu turda FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) türkiyəli FİDE ustası Esat Bağlanı (2345) məğlub etdiyi halda, Pərviz Qasımov (2328) azərbaycanlı qrossmeyster Abdulla Xəyaləyə (2228) məğlub olub.
İlk 5 turdan sonra Ortik Niqmatov, Eltac Səfərli, Timur Qarayev, Nicat Abbasov və Vadim Malaxatkonun aktivində 4 xal var.
“B” qrupunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Amil Abbasovun (2215) liderliyi davam edir. Fariz Əhmədov (1775) və Elxan Bayramov (2158) isə rəqiblərindən yarı xal geri qalırlar.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda naxçıvanlı zəka sahibi Uğur Həsənli (1329) vahid liderliyə yüksəlib. Son turda da qalib gələn şahmatçımız 5 görüşdən maksimum xal toplayıb.
Ceyhun MƏMMƏDOV