22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının üçüncü turuna yekun vurulub.
“A” qrupunun maraqla gözlənilən oyununda azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469), azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) isə azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlı (2451) ilə üz-üzə gəlib. Bu görüşlərdə ­Səfərli qalib gəldiyi halda Abasov-Niqmatov cütlüyünün oyunu heç-heçə başa çatıb. ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) türkiyəli FİDE ustası Esat Bağlanı (2345) məğlub etməklə ardıcıl üçüncü qələbəsini bayram edib.
Belaruslu qrossmeyster Vadim Malaxatko (2508) və azərbaycanlı FİDE ustası Murad İbrahimlinin (2371) də görüşü maraqla gözlənilirdi. Bu qarşılaşmada gülən tərəf belaruslu şahmatçı olub. Turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) bu turda azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovun (2495) müqavimətini qıra bilməyib. Görüş “sülh”lə başa çatıb.
Belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2603) iranlı qrossmeyster Əmirreza Purramezanali (2496) xalları yarı böldüyü halda ukraynalı qrossmeyster Eldar ­Qasanov (2506) azərbaycanlı beynəlxalq usta Orxan Abdulovu (2372) məğlubiyyətə uğradıb.

Naxçıvanlı zəka sahiblərində qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovla (2280) üz-üzə gəlib və turnirdə ikinci qələbəsini qazanıb. FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) rusiyalı FİDE ustası Aleksandr Demyanjuka (2338), Pərviz Qasımov (2328) isə azərbaycanlı FİDE ustası Gövhər Beydullayevaya (2316) məğlub olub. Beynəlxalq ustalarımızdan Toğrul Həsənzadə (2323) azərbaycanlı şahmatçı Xəzər Babazadəyə (2284) şans tanımayıb. Digər beynəlxalq usta Talıb Babayev (2329) isə azərbaycanlı qrossmeyster Xəyalə Abdulla (2228) ilə xalları yarı bölüb.
İlk 3 turdan sonra Eltac Səfərli, Vadim Malaxatko və Timur Qarayev 3 xalla liderdirlər.
“B” qrupunda isə səkkiz zəka sahibi maksimum nəticə göstərib. Onlar arasında ilk üç pillədə Amil Abbasov (2215), Şahin Hüseynov (2189) və Fariz Əhmədov (2158) qərarlaşıblar.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 15 zəka sahibi ­yüksək nəticə göstərib. Onların 9 nəfəri Naxçıvan şahmat məktəbinin yetirməsidir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR