Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən “Şahin” hərbi-idman oyununun muxtar respublika birinciliyinə yekun vurulub.
Oyun 3 tur – məktəbdaxili-seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və muxtar respublika birinciliyi üzrə keçirilib. Hərbi-idman oyununun muxtar respublika mərhələsinə rayon (şəhər) birinciliklərində qalib olan komandalar vəsiqə qazanıblar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak edib.
Hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Ordubad şəhər internat tam orta məktəbinin komandası ikinci, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalara təşkilatçıların kubok və diplomları təqdim edilib, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılar isə fəxri fərmanlarla təltif olunublar.
Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, qalib komanda may ayında təşkil olunacaq “Şahin” hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyində muxtar respublikanı təmsil edəcək.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti