22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti və federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov açaraq bu gün muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, bu sahənin inkişafı və kütləvi hal alması üçün yaradılan hərtərəfli şəraitdən ətraflı bəhs edib.
Nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov çıxışında qeyd edib ki, Atıcılıq Federasiyası işini günün tələblərinə uyğun qurmayaraq, yaradılan şəraitdən, infrastrukturdan düzgün istifadə etməyi bacarmayıb. Federasiyanın yığma komandası formalaşdırılmayıb, idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub, rayonlarda federasiyanın bölmələri yaradılmayıb.

Sonra Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilmiş Səhət Həbibbəylinin Atıcılıq Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub və Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.
Yeni seçilən federasiya sədri çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi idman sahəsində də ardıcıl işlər görülür. O, Atıcılıq Federasiyasının bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, gənclərin idmana cəlbinə diqqətlə yanaşacağını deyib.
Sonda federasiya sədri yaradılan şəraitə görə Ali Məclis Sədrinə ­minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR