Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr (2005-2006-cı illər) arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. Birincilikdə 6 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən Sadiq Hacıyev (36 kiloqram, Naxçıvan), Raiq Rəcəbli (39 kiloqram, Naxçıvan), Şəmsəddin Əliyev (42 kiloqram, Naxçıvan), Səhət Əsədov (45 kiloqram, Naxçıvan), İsmayıl Yaqubov (48 kiloqram, Naxçıvan) və Cəfər Novruzov (51 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara diplom və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV