Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində yaşamasına baxmayaraq, son 30 ilə yaxın bir müddətdə burada digər sahələr kimi, idmanın inkişafı istiqamətində də əhəmiyyətli uğurlar qazanılıb. Aparılan məqsədyönlü idman siyasətinin əsasını idmanın kütləviliyini təmin etmək təşkil edir. Gənclərin bu sahəyə axını onların sağlamlığını qorumaq, idmanla müntəzəm məşğul olmaları üçün əvvəlki sağlamlıqlarını bərpa etmək kimi zəruri məsələni də gündəmdə saxlayır. Bunu nəzərə alıb Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyət göstərən İdman Tibb Mərkəzində yaradılan şərait və idmançılara göstərilən tibbi xidmətin keyfiyyəti barədə məlumat almaq üçün bu ünvana yollandıq. İlk olaraq müasir texnologiyalarla təchiz edilmiş mərkəzdə yaradılan şəraitlə yaxından tanış olduq.
Altı otaqdan ibarət olan tibb mərkəzində direktor, ordinator, tibb bacısı, təsərrüfat, müayinə və lazer aparatı otaqları fəaliyyət göstərir. Buradakı avadanlıqlar tibb elminin ən son nailiyyətlərinə əsaslanır.
İdman Tibb Mərkəzinin həkim-fizioterapevti Eldəniz Qurbanov idmançılara göstərilən tibbi müayinə haqqında danışaraq dedi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmana dövlət tərəfindən yüksək qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin İdman Tibb Mərkəzi idmanla məşğul olan yeniyetmə və gənclərə, peşəkar idmançılara tibbi yardım göstərir. Təəssüf ki, bu gün bəzi gənclərin və idmançıların bədənlərinin müxtəlif nahiyələrində tatuların (döymələrin) olmasına təsadüf olunur. Bu tatuların silinməsi üçün mərkəz xüsusi lazer aparatla təchiz edilib. Hər bir pasiyentin döymədən tam azad olması üçün aparılan prosedur ayda bir dəfə olmaqla, 7-8 seansdan ibarətdir. Bundan başqa, İdman Tibb Mərkəzində Compex fizioterapiya aparatı da vardır. İdmançılarımızın məşqlər və yarışlar zamanı aldıqları zədənin tezliklə bərpası üçün bu aparat vasitəsilə reabilitasiya həyata keçirilir. Bununla yanaşı, mərkəz lazımi dərman preparatları və tibbi ləvazimatlarla da təchiz olunur. İdman yarışlarında həkim briqadamız tərəfindən idmançılara xidmət göstərilir.
Mərkəzə daha çox azyaşlı uşaqlar müraciət edirlər. Buna səbəb əksər hallarda onlarda müəyyən zədələrin olmasıdır. Eldəniz Qurbanov vurğuladı ki, uşaqların həkim məsləhətlərinə laqeyd yanaşmaması üçün müəyyən işlər görülür. İdman Tibb Mərkəzində idmançılar üçün həm də maarifləndirmə işi aparılır. Belə ki, idmançının ilk olaraq necə qidalanması, vitaminləşdirilməsi, məşq zamanı itirdiyi kalorinin və enerjinin necə bərpa olunması, sutkalıq yuxu rejimi, istirahət saatı, bədənin necə möhkəmləndirilməsi, idmançının şəxsi gigiyenası onlara öyrədilir. Muxtar respublikamızın idmançıları təlim-məşq toplanışlarında, müxtəlif yarışlara hazırlaşan zaman ağır məşqlər edirlər. Bu isə onlarda əsəbi gərginlik, yorğunluq və stress yaradır. Biz mərkəz olaraq bunları aradan qaldırmağa və idmançılara xidmət göstərməyə çalışırıq.
“Bəs bu gərginliyi necə aradan qaldırmaq olar?” sualımıza həkim-fizioterapevtin cavabı belə oldu: “Mərkəzdə idmançılar üçün idman masajı xidməti də göstərilir. Bu masaj növü idman məşqlərinin ayrıca bir hissəsi sayılır. Bunlar hazırlıq və bərpa masajı olmaqla, iki yerə bölünür. Hazırlıq masajı idmançını yarışa hazırlamaq məqsədi daşıyır. Belə ki, bu masaj əzələ tonusunu yüksəldir, bədənin fiziki gücünü və aktivliyini artırır. Bərpa masajı isə idmançının itirdiyi gücü, enerjini bərpa edir, əzələlərdən gərginlik və yorğunluğu çıxarır, idmançını növbəti məşqlərə və yarışlara hazırlayır”.
Eldəniz Qurbanov bildirdi ki, bütün idman yarışlarında İdman Tibb Mərkəzinin həkim briqadası xidmət göstərir. O deyir ki, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmaları, onların hər zaman idmanla məşğul olmaları həm də sağlamlıqları baxımından tövsiyə olunur. Bəzən müxtəlif səbəblər üzündən azhərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmağa çalışırıq. Aparılan tədqiqatlar sübut edib ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Bu tədqiqatlar bir faktı da göstərir ki, fiziki məşqlər edən 65 yaşlı insanın iş qabiliyyəti 35-40 yaşında olan və azhərəkətli həyat tərzi keçirən insanın iş qabiliyyətindən çox-çox yüksəkdir. Fiziki ehtiyatlarımızın tükənməsinə şərait yaradan ən önəmli amil “müasir həyat tərzi”dir. Müasir insanın rahat həyat tərzi fiziki ehtiyatlarımızın azalmasına səbəb olan amildir. Fiziki fəallığın qocalma prosesinin sürətini azaltdığı, müəyyən xəstəliklərin qarşısını aldığı və həyat keyfiyyətini yaxşılaşdırdığı barədə yetərli məlumatlar vardır.
Həkim-fizioterapevt, eyni zamanda idman təbabəti barədə də məlumat verdi: “Ümumiyyətlə, idman təbabətinin müəyyən vəzifələri var. Bunlar idmanla məşğul olmazdan əvvəl tibbi müayinələr vasitəsilə insanların sağlamlıq imkanlarını qiymətləndirmək, müxtəlif idman yarışlarında və məşqlərdə meydana gələn kəskin və xroniki sağlamlıq problemlərinin, həmçinin travmaların diaqnostikasını aparmaq, müxtəlif müayinə üsulları vasitəsilə baş vermiş patologiyaların diaqnozunu dəqiqləşdirmək, tibbi reabilitasiya müalicəsini planlaşdırmaq, tələb olunduqda müxtəlif mütəxəssislərin konsultasiyalarını təşkil etmək və aparılan müayinələrdə fəal iştirak etməkdir. Bunlarla yanaşı, insanların sağlamlığını qorumaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparmaq da vacibdir”.
Ceyhun MƏMMƏDOV