Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi gənclər arasında ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.
“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında təşkil edilən yürüş Culfa rayonundakı Turab çeşməsindən Haçadağın ətəyinədək keçirilib. 3 min metr məsafədə keçirilən yarışda oğlan və qız idmançılar birlikdə mübarizə aparıblar.
Yekun nəticəyə əsasən qızlar arasında Dünya Əmrahlı qalib adını qazanıb. Gülayə Cəfərova və Telli Abbasova isə finiş xəttinə ikinci və üçüncü yerdə çatıblar.
Oğlanların mübarizəsində isə Əmrah Nağıyev hamıdan sürətli qaçdığını nümayiş etdirib. Abbas Babayev ikinci, Əkbər Mehdiyev üçüncü olublar.
Qaliblər nazirliyin diplomları, federasiyanın isə fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.
Sonda idmançılara Haçadağ haqqında məlumat verilib və çay süfrəsi təşkil olunub.
Samir Oruclu