Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Yarışda Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublika rayonlarının da idmançıları iştirak ediblər. Tədbirdə çıxış edənlər muxtar respublikanın 95 illik yubileyi münasibətilə idmançıları təbrik edərək bildiriblər ki, açıq birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.
Muxtar respublikanın Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 150-yə yaxın idmançı mübarizə aparıb. 7 yaş qrupunda 12 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən qızlar arasında 8-9 yaş qrupunda Zəhra Məmmədova (-35 kiloqram, Naxçıvan), 10-11 yaş qrupunda Nərgiz Həsənli (-35 kiloqram, Naxçıvan), Ayan Məmmədova (-40 kiloqram, Naxçıvan), oğlanlar arasında isə 8-9 yaş qrupunda Həsən Səfərli (-23 kiloqram, Naxçıvan), Elgün Zeynalov (-33 kiloqram, Kəngərli), 10-11 yaş qrupunda Yaqub Qənbərov (-30 kiloqram, Naxçıvan), Yaqub Abdullayev (-38 kiloqram, Babək), 12-13 yaş qrupunda Əli Mehdiyev (-33 kiloqram, Şərur), Məhəmməd Bağırov (-48 kiloqram, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kiloqram, Naxçıvan) və 16-17 yaş qrupunda İmran Həsənov (-55 kiloqram, Naxçıvan) və Aslan İsmayılov (-61 kiloqram, Naxçıvan) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti