Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri cari ildə daha bir uğura imza atıblar.
Belə ki, 31 yanvar-1 fevral tarixlərində İran İslam Respublikasının Təbriz şəhərində yeniyetmələr arasında cüdo üzrə turnir keçirilib. Bu turnirdə muxtar respublikanı 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov təmsil edib. İdmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 1-3 fevral tarixlərində isə Bakı Əl Oyunları Sarayında gənclər arasında sambo üzrə ölkə birinciliyi keçirilib. İdmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
Hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti