22 Dekabr 2024, Bazar

Astara Olimpiya-İdman Kompleksində şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkə­mizin 36-dan çox şəhər və rayonunu təmsil edən 260 şahmatçı iştirak edib.
İsveçrə sistemi üzrə keçirilən çempionatda zəka sahibləri 9 turda yarışıblar. Reqlamentə əsasən turnir cədvəlini ilk 5 pillədə başa vuran şahmatçılar ölkə birinciliyinə vəsiqə qazanıblar.
Yarışda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 30 zəka sahibi də mübarizə aparıb və onlardan 10-u müxtəlif yaş qruplarında uğur qazanaraq ölkə birinciliyində iştirak etmək hüququ əldə edib. Belə ki, 8 yaşlı qızların mübarizəsində Nigar Qənbərli (1181, Babək), oğlanların mübarizəsində isə Ayxan Məhərrəmli (1049, Şahbuz) 9 oyunda 6 xal toplayaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və vəsiqəni təmin ediblər. Bu nəticəni 10 yaşlı oğlanların mübarizəsində Hüseyn Qənbərli (1262, Babək) də təkrarlayıb. 12 yaşlı oğlanların mübarizəsində isə Hüseyn Seyid (1525, Ordubad) 7 xalla öz yaş qrupunda çempion olub. Bu yaş qrupunda digər iki idmançımız Uğur Həsənli (1287, Ordubad) və Zahid Allahverdiyev (1534, Naxçıvan) 6,5 xalla 4 və 5-ci pillələri bölüşüblər. 14 yaşlı qızlardan Nəsrin Babayeva (1427, Naxçıvan) 7 turdan sonra 5,5 xal toplayaraq çempion adını qazanıb. Bu yaş qrupunda oğlanların mübarizəsi daha gərgin olub. Belə ki, Sadiq Qarayev (1743, Naxçıvan) liderdən cəmi yarı xal az toplayıb və 6,5 xalla üçüncü yerlə kifayətlənib. Eyni zamanda bu yaşda Ərturan İsmayılov (1478, Naxçıvan) 6 xal qazanıb və ölkə birinciliyinə vəsiqəni təmin edib. 16 yaşlı qızların mübarizəsində isə Yeganə Əhmədova (1530, Şərur) 4-cü olub.
Bununla muxtar respublika idmançıları ölkə birinciliyinə 10 vəsiqə qazanıblar.
Qeyd edək ki, daha öncə digər zəka sahibimiz, FİDE ustası Sadiq Məmmədov da ölkə birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR