Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və muxtar respublika Şahmat Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə şahmat məktəbində yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Birincilikdə 23 məktəbdən 46 şagird iştirak edib.
Yekun nəticəyə əsasən 10 yaş qrupunda Düdəngə kənd tam orta məktəbinin şagirdi Turab Əsgərov qalib olub. Vərməziyar kənd tam orta məktəbinin şagirdi Sinan Rzayev və Siyaqut kənd tam orta məktəbinin şagirdi Kənan Əliyev ikinci və üçüncülüklə kifayətləniblər. 8 yaş qrupunda isə Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Kənan Babayev hamıdan güclü olub.
Şahbuz rayonunda isə 10-12 yaşlı məktəblilər arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub. Yarışda 32 zəka sahibi mübarizə aparıb. 5 turdan ibarət olan yarışda qalib adını Ayxan Məmmədli qazanıb. Əli İbrahimov ikinci, Zamin Məhərrəmov üçüncü olublar.
Hər iki yarışda qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.
Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmatın inkişaf etdirilməsi məqsədilə uşaq və yeniyetmələr arasında tempo növü üzrə rayon birinciliyinə start verilib. Olimpiya sistemi ilə keçirilən yarış 7 turdan ibarət olacaq və iki gün davam edəcək.
Birincilikdə 54 oğlan və qız şahmatçı iştirak edir.
Ceyhun MƏMMƏDOV