22 Dekabr 2024, Bazar

İdmanın kütləviliyinə nail olmaq, onu inkişaf etdirmək, yüksək nailiyyətlər qazanmaq və yeni idmançılar hazırlamaq Naxçıvan Muxtar Respublikasında aparılan idman siyasətinin əsas məqsədidir. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 10 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Yeni məktəb binalarında müasir standartlara cavab verən idman zalları yaradılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublika müxtəlif beynəlxalq yarışların keçirildiyi regiona çevrilib. İdmanın inkişafında muxtar respublikada yaradılan idman federasiyalarının da rolu böyükdür.

Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov muxtar respublikada hava və ekstremal idman növünün fəaliyyətinin təşkili üçün də hər cür şəraitin mövcud olduğunu bildirib, elə həmin müşavirədə bu idman növü üzrə federasiya yaradılıb. Federasiyanın muxtar respublikada ekstremal dağ turizmi, qayayadırmanma (təbii relyefdə), idman qayayadırmanması (süni relyefdə), buzadırmanma, hava idman növlərindən paraşüt, paraplan, motoparaplan, deltaplan, motodeltaplan kimi idman növlərinin inkişaf etdirilməsi və populyarlaşması istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulub. Ötən müddət ərzində federasiya yuxarıda sadalanan növlərdən bəziləri üzrə bir sıra tədbirlər keçirib. Ancaq məsələ orasındadır ki, bu tədbirlər, necə deyərlər, tədbir xatirinə keçirilib, kütləvi informasiya vasitələrinin gücündən istifadə edilərək görüntü əldə edilib, ictimaiyyətdə federasiyanın fəaliyyəti haqqında ilkin “müsbət” rəy formalaşdırılıb. Ancaq yarışlarda keyfiyyət amilinə o qədər də diqqət yetirilməyib.

İyunun 25-də Culfa rayonunun Nəhəcir kəndi yaxınlığında keçirilən, 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilən “Zirvəyə qaçış” adlı yarış da keyfiyyətcə bundan öncəkilərdən o qədər də fərqlənmədi. Diqqətimizi çəkən məqamlardan biri isə isti havada idmançıların yüksəkliyə doğru qaçışa məcbur edilməsi idi. Bunun nəticəsi idi ki, “Zirvəyə qaçış” bir neçə dəqiqə sonra “Zirvəyə yeriş”ə çevrildi. Səhər saatlarında keçirilməsi nəzərdə tutulan yarışa günortaya yaxın start verildi. Təbii ki, isti hava, idman dili ilə desək, ən “formada” olan iştirakçıların belə, hərəkətinə mane oldu. Yarış iştirakçıları ilə söhbətlərdən belə məlum oldu ki, əksəriyyəti öncədən hazırlıq məşqləri keçməyib. Yəni fiziki cəhətdən buna hazır deyillər. Halbuki qət olunacaq yüksəklik 1665 metr idi. İştirakçılarda günvurma əlamətləri də ara-sıra özünü göstərdi. İsti havada iştirakçıların yarışa cəlb edilməsi ağır nəticələrə səbəb ola bilərdi.
Bir də bu yarışın konkret olaraq ekstremal idman növlərindən hansına aid olduğunu özümüz üçün dəqiqləşdirə bilmədik. Çünki bu yarış nə ekstremal dağ turizminə, nə qayayadırmanmaya (təbii relyefdə), nə də idman qayayadırmanmasına (süni relyefdə) aid deyildi. Bildiyimiz qədərilə yuxarıda sadalanan idman növlərinin heç biri qaçış vasitəsilə həyata keçirilmir. İsti hava şəraitində qaçış yarışlarının necə fəsad verəcəyi barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Elsevər Ağəliyevə müraciət etdik. Həkim söhbət zamanı bildirdi ki, isti havada yarışların keçirilməsi günvurmaya səbəb ola bilər. Günvurma çox təhlükəli haldır. Əgər vaxtında müdaxilə edilməsə, sinir sistemində qalıcı fəsadlara səbəb olar. Günvurma nəticəsində insanda beyin damarlarının daralması, dəri damarlarının genişlənməsi, qanın qatılaşması və təzyiqin aşağı düşməsi baş verir. Hətta göz bəbəklərinə qansızma halları da olur. Günvurma davamlı şəkildə müalicə olunmasa, pis fəsadlarla nəticələnir. Bundan başqa, tərlə birlikdə bədənin su və duz itirməsi “isti yorğunluğu” adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa, bədənin temperatur tənzimləmə sistemi pozulur. İsti havada saat 1100-dən 1800-dək günəşli havaya çıxmamamaq məqsədə uyğundur. O ki qaldı belə havada hər hansı bir idman yarışının keçirilməsinə, bu qəbul­edilməzdir.
Sonda onu da qeyd etmək istərdik ki, hər bir idman yarışı ən yaxşıların seçilməsinə xidmət edir. Ən yaxşıları isə günün altında yoxuşa sürükləməklə seçmək olmaz. Yəqin ki, haqqında bəhs olunan federasiya bu yazımızdan özü üçün bir nəticə çıxaracaq.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR