22 Dekabr 2024, Bazar

Ölkəmiz müstəqillik əldə etdikdən sonra idman sahəsinə diqqət gündən-günə artmağa başladı. Bunun ifadəsidir ki, dövlət səviyyəsində uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb.
İdman sahəsində qazanılan nailiy­yətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi öz əksini tapır. Qazanılan mükafatlar, idman obyektlərinin tikintisi Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınması uğurların əsasını təşkil edir.
Bu gün Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclərin fiziki, mənəvi tərbiyəsinə böyük önəm verilir, onların mənəvi, fiziki inkişafı ilə bağlı bir sıra sənədlər qəbul edilir. Səbəb isə bütün istiqamətlərdə onların sağlam yetişmələrini təmin etməkdir. Hazırda Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyi, ona tabe qurumların təşkilatçılığı ilə keçirilən intellektual bilik yarışlarının yeniyetmə və gənclər arasında geniş vüsət alması təqdirəlayiqdir. Xüsusilə muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində təşkil edilən bu yarışlar böyük maraq doğurur. Belə yarışlar yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaqla yanaşı, həm də asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm rol oynayır. Uşaq, yeniyetmə və gənclərin mənəvi inkişafında bu yarışların əhəmiyyəti danılmazdır. Muxtar respublikada bu sahədə həyata keçirilən siyasət, görülən işlər uşaq, yeniyetmə və gəncləri böyük uğurlara aparır.

Naxçıvanda gələcək nəslin fiziki və mənəvi tərbiyəsinə hər zaman ciddi yanaşma olub, onların hərtərəfli inkişafına həmişə böyük önəm verilib. Dövlət onları həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etmiş və sağlam görmək istəyir. Eyni zamanda uşaq və gənclərin təhsil almalarına, onların yaradıcılıq məşğələlərinə cəlb olunmalarına, müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmalarına şərait yaradıb. Bunun ifadəsidir ki, uşaq, yeniyetmə və gənclərin böyük hissəsi idmanla­, incəsənətlə məşğul olur, kitabxanalara, müxtəlif məşğələlərə gedənlərin sayı isə gündən-günə artır. Təbii ki, ölkəmizdə gənc nəslin mənəvi və fiziki inkişafına qayğı, Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri ulu öndər tərəfindən müəyyənləşdirilib.
Hazırda muxtar respublikanın ali, orta və ümumtəhsil məktəblərində müasir avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq, yeniyetmə və gənclər fiziki sağlamlıqlarının qeydinə qalırlar. Bununla yanaşı, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də idman zalları, stadionlar fəaliyyət göstərir, bunlardan aktiv şəkildə istifadə edildiyi müşahidə olunur.

Muxtar respublikamız bu gün idman sahəsində böyük uğurlar əldə edir və fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji, siyasi yanaşma mövcuddur. Səbəbini isə belə izah etmək olar: uşaq və gənclərin fiziki sağlamlığına xüsusi diqqət yetirilir. Müasir standartlara cavab verən idman zalları, obyektləri tikilərək istifadəyə verilir ki, bunlardan yararlanan uşaq, yeniyetmə və gənc­lərin bir çoxu peşəkar idmançı kimi formalaşır. Hazırda muxtar respublikamızda beynəlxalq turnirlərin, mötəbər yarışların təşkili davamlı xarakter alıb. Naxçıvanın son illərdə bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi bunun bariz ifadəsidir.
Qədim diyarımızda uşaq, yeniyetmə və gənclərin mənəvi-fiziki inkişafını təhlil edərkən çoxlu faktla üzləşmək mümkündür. Gənc nəslin mənəvi və fiziki inkişafında onların müxtəlif idman bölmələrinə, intellektual kurslara yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir.
Muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənc nəslin yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr hazırlanır və həyata keçirilir. Təbii ki, bu layihələrin məqsədi dövlətin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasına, vətənpərvər vətəndaş kimi yetişməsinə yönələn siyasətini yerinə yetirməkdir. Bu siyasətin nəticəsidir ki, gənc idmançılarımız beynəlxalq arenalarda qazandıqları uğurlarla bayrağımızı ucaltmağa və himnimizi səsləndirməyə qadirdirlər. Milli maraqlara əsaslanaraq həyata keçirilən gənclər siyasəti muxtar respublikamızı ­böyük irəliləyişlərə, inkişaf və tərəqqiyə aparır.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR