Muxtar respublikada gənclər və idman siyasəti uğurla həyata keçirilir. 2018-ci ildə də bu sahədə qarşıya qoyulan vəzifələr yerinə yetirilib.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə gənclərin qış məktəbləri təşkil olunmuş, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda fotomüsabiqə keçirilmişdir. Bundan başqa, “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmiş, Əcəmi seyrəngahında muxtar respublikanın incəsənət xadimlərinin və Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı təşkil edilmişdir. Naxçıvan şəhəri ətrafında və muxtar respublikanın rayonlarında “Gənclər bağı” salınmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü təşkil edilmiş, “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda lektoriya, “Heydər Əliyev Gənclər Məktəbi”nin dinləyicilərinə açıq dərs keçilmiş, “Hakimiyyətin yükü” adlı sənədli film nümayiş olunmuşdur. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin muzey və tarixi abidələrə ekskursiyaları olmuşdur. Gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə nazirliyin www.naxgin.az saytı yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 16 idman tədbiri keçirilmişdir ki, bu tədbirlərdən 3-ü beynəlxalq, 1-i futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir, 12-si muxtar respublika səviyyəli yarışlar olmuşdur. Ümumilikdə, bu idman yarışlarında 1652 idmançı iştirak etmişdir. 2018-ci ilin birinci yarısında muxtar respublika idmançıları ölkə birinciliklərində 78, beynəlxalq turnirlərdə 71, dünya çempionatında 2, Avropa çempionatında 1 olmaqla, cəmi 152 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti