“Heydər Əliyev kuboku” turniri bunu bir daha sübut etdi
Müasir dünyada idman insanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi ümumbəşəri mədəniyyətin tərkib hissəsinə çevrilib. İdman ictimaiyyətinin qənaətinə əsasən mənəvi, fiziki və əqli sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü və sabahıdır. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim gənclərin idmana cəlbi, fiziki, mənəvi inkişafı istiqamətində bir sıra mühüm proqramlar və tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan indi beynəlxalq arenada idman ölkəsi kimi tanınır.
Bu gün ölkəmiz dünyanın idman mərkəzlərindən birinə – mötəbər beynəlxalq idman yarışlarının ünvanına çevrilib. Onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı daim diqqət mərkəzindədir. Belə ki, muxtar respublikamız son illər əhəmiyyətli beynəlxalq miqyaslı yarışlara, turnirlərə, festivallara ev sahibliyi edir.
Cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bir sıra turnirlər, yarışlar təşkil edildi. Keçirilən tədbirlərin beynəlxalq əhəmiyyəti idmançıların mötəbər turnirlərin qalibi olmaq istəyini daha da artırmışdı.
Ötən günlərdə Naxçıvanda keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri ölkənin idman ictimaiyyətində böyük maraq oyatdı. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası və Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi turnir artıq ənənə halını alıb və üçüncü dəfə idi ki, təşkil edilirdi. Turnirin son görüşündən öncə tamaşaçıların alqış sədaları altında “Heydər Əliyev kuboku” stadiona gətirilib, tanınmış müğənnilər Elton Hüseynəliyevin və Əli Pormehrin ifalarında rəngarəng mahnılar səsləndirilib, könüllülərin müxtəlif idman növləri üzrə hazırladıqları səhnələr nümayiş olunub.
“Heydər Əliyev kuboku” turniri də muxtar respublikada idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bəs bu turnir Naxçıvanın idman ictimaiyyətinə, idmançılarına nə qazandırdı?
İlk olaraq qeyd edək ki, idman turizm potensialının, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına hər zaman öz töhfəsini verib və verməkdədir. Son illərdə muxtar respublikamızda keçirilən idman tədbirləri sayəsində turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Muxtar respublikada turizmin inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər müsbət bəhrəsini verir. Hər il keçirilən tədbirlərdə regiona yüzlərlə turist gəlir. İdman arenalarında artıq özünə layiqli yer tutan Naxçıvanın beynəlxalq turnirlərə ev sahibliyi etməsi iqtisadi nailiyyətlərimizi də artırır. İndi muxtar respublikanın idman həyatında böyük canlanma var. Nəticədə, gələcəyə hesablanmış idman siyasəti məmləkətimizdə sağlam və böyük idmançı ordusu formalaşdırıb. Təbii ki, bunların əsasını həyata keçirilən idman siyasəti, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı təşkil edir.
Keçirilən bu turnirlər həm də idmançılarımızın, ictimaiyyətimizin fərqli milli və dini mənsubiyyəti olan xalqlarla, müxtəlif millətlərin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq, mehriban birgəyaşama mədəniyyəti formalaşdırır. Təsadüfi deyil ki, muxtar respublikamızda son illər keçirilən beynəlxalq tədbirlər bura təşrif buyuran qonaqlarda xoş təəssüratlar formalaşdırır. Çünki Naxçıvan nəinki yerləşdiyi regionda, hətta dünyada sabitlik, əmin-amanlıq məkanı kimi ad qazanıb.
Naxçıvanda ölkədaxili və beynəlxalq tədbirlərin keçirilməsi hər zaman təşkilatçılıq, təhlükəsizlik və iqtisadi baxımdan da seçilib. Çünki etibarlı tərəfdaşlığa, qonaqpərvərliyə, müasir iqtisadiyyata və mükəmməl turizmə malik olması belə tədbirlərə ev sahibliyi etmək imkanlarımızı artırır. Bu, idman tərəfdaşlığı ilə yanaşı, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Nəticə etibarilə deyə bilərik ki, gələn qonaqlarla etibarlı tərəfdaşlıq muxtar respublikamıza investisiya axınlarını sürətləndirir, digər ölkələrin nümayəndələri ilə münasibətlərin fonunda yeni lahiyələrin formalaşmasının əsası qoyulur. Müasir iqtisadçıların təbirincə desək, idmanın iqtisadi faydası spesifik iqtisadi hesablamalarla aparılır. Bu, müasir dünyanın reallığıdır.
Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı bütün növlərdə öz modelini ortaya qoyub. Diyarımızda idmanın çəkisi, rolu gənclərimizin bu sahəyə axını ilə nəticələnir. Uşaq, yeniyetmə və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, sağlam nəslin yetişdirilməsi hər zaman Naxçıvanda diqqət mərkəzində olub.
Son olaraq futbol turnirinin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb etdi. Bu turnir Naxçıvanda ümumi hədəflər və gələcək istiqamətləri bir daha nümayiş etdirmiş oldu. Bunun üçün potensialımız var, ən böyük gücümüz isə Naxçıvanımızda ictimai-siyasi sabitliyin, dinamik inkişaf tempinin təmin olunmasıdır.
Muxtar respublikada mötəbər idman yarışlarının keçirilməsi bu sadaladığımız göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici və yerli qonaqların intensiv olaraq Naxçıvana səyahət etmələrinə zəmin yaradıb.
Ceyhun MƏMMƏDOV