Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində gənclər arasında cüdo üzrə muxtar respublika turniri keçirilib. Turniri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni oxunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışları olub.
Sonra turnirə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsində 70 idmançı mübarizə aparıb.
Turnirin qaliblərinə diplomlar və hədiyyələr təqdim edilib.
Səbuhi HÜSEYNOV
* * *
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şərur Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında voleybol üzrə muxtar respublika birinciliyi keçirilib. Birinciliyi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Malik Hacıyev açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxışında qeyd edib ki, federasiya məhdud fiziki imkanlıların idman həyatına daha fəal inteqrasiyası, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından daha səmərəli istifadə etməsi məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Altı komandanın mübarizə apardığı yarışın ilk qarşılaşması “Yurd” və “Oğuz” komandaları arasında olub. “Yurd” komandasının voleybolçuları mübarizə meydanından 2:0 hesablı qələbə ilə ayrılıblar. Turnirin ikinci görüşündə “Əlincə” və “Arpaçay” komandaları qarşılaşıb. Qarşılaşma 2:0 hesabı ilə “Arpaçay” voleybolçularının xeyrinə başa çatıb. “Yurd” və “Ağrıdağ” komandalarının qarşılaşmasında “Yurd”un voleybolçuları nümunəvi oyun nümayiş etdirərək 2:0 hesabı ilə qalib gəliblər. “Batabat” və “Arpaçay” komandalarının qarşılaşması isə 2:0 hesabı ilə “Batabat” voleybolçularının xeyrinə başa çatıb. Üçüncü, dördüncü yerlər uğrunda “Arpaçay” və “Ağrıdağ” komandalarının mübarizəsi “Arpaçay” komandasının xeyrinə 2:0 hesabı ilə yekunlaşıb.
Birinci və ikinci yerlər uğrunda isə “Batabat” və “Yurd” komandaları mübarizə aparıblar. Bu görüş 2:0 hesabı ilə “Batabat” voleybolçularının xeyrinə olub. Beləliklə, “Batabat” turnirin qalibi kimi yarışmadan ayrılıb. İkinci yerdə “Yurd”, üçüncü yerdə “Arpaçay” komandası qərarlaşıb.
Sonda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov qalibləri təbrik edib.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri verilib.
Cəfər ƏLİYEV