Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında muxtar respublika turniri başa çatıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnir iki gün davam edib.
Turnir ərzində idmançılar müəyyən edilmiş yaş və çəki dərəcələrində rinqə çıxıblar. 8-12 yaşa qədər kadetlərin mübarizəsində Akif İsmayılov (Naxçıvan), Uğur Əliyev (Naxçıvan), Məhəmməd İsmayılzadə (Naxçıvan), Şəmsəddin Əliyev (Naxçıvan) və Zeynalabdin Musayev (Şərur) müvafiq olaraq 25, 30, 35, 40, 45+ kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Elton Səfərli (Kəngərli) və Qənbər Nağıyev (Culfa) isə 12-15 yaşlı uşaq idmançıların mübarizəsində 45 və 51 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər. 15-17 yaşlı yeniyetmə idmançılar 57 kiloqram çəki dərəcəsində mübarizə aparıblar ki, bu çəkidə Fərman Rzayev (Naxçıvan) hamıdan güclü olub.
Gənclər arasında isə idmançılar 3 çəki dərəcəsində (60, 65 və 71 kiloqram) rinqə çıxıblar. Müvafiq olaraq Elcan Qənbərli (Şərur), Rauf Həsənov (Şərur) və Yusif Quluzadə (Babək) rəqiblərini məğlub edərək turnirin qalibi olublar.
25 kiloqram çəki dərəcəsində qızların mübarizəsi də yaddaqalan olub. Belə ki, 10-a yaxın qızın rinqə çıxdığı turnirdə Röya Abdullayeva (“Turan” döyüş klubu) qalib adını qazanıb. Babək təmsilçisi Fidan Yunisli ikinci, “Turan” döyüş klubunun digər yetirməsi Fidan Paşayeva isə üçüncü olublar.
Turnirin yekun nəticəsinə əsasən komanda hesabında “Naxçıvan” komandası “Heydər Əliyev kuboku”nun qalibi olub. Digər iki pillədə isə “Şərur” komandası və “Turan” döyüş klubu qərarlaşıblar.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV