Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə ölkəmizin gömrük orqanları arasında təşkil olunan futzal çempionatına yekun vurulub.
Aprel ayının 12-də start götürən ənənəvi yarışda, ümumilikdə, 12 komanda mübarizə aparıb. Oyunlar Azərbaycan Texniki Universitetinin Bakı şəhərindəki idman sarayında keçirilib. Mübarizəyə ikinci mərhələdən qoşulan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “Azərterminalkompleks Birliyi”, “Tovuz Gömrük İdarəsi” və “Sumqayıt Baş Gömrük İdarəsi” komandaları ilə birgə “B” qrupunda mübarizə aparıb. Müvafiq olaraq 9:3, 11:0 və 7:1 hesablı qələbələrlə qrupdan birinci çıxan komandamız yarımfinal görüşündə “Astara Gömrük İdarəsi”ni məğlub edib – 10:1.
May ayının 10-da baş tutan final qarşılaşmasında “Naxçıvan” komandasının rəqibi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” olub. Hər iki komandanın əzmkarlıq nümayiş etdirdiyi oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. Görüşün əvvəlində qapısından iki top buraxan komandamız fasiləyə qədər tarazlığı bərpa edib. Futzalçılarımızdan İlqar İsmayılov və Orxan Məmmədov rəqib qapısına yol tapmağa müvəffəq olublar. İkinci hissənin əvvəlində də hesabda geri düşən komandamız sona 2 dəqiqə qalmış Kamil Hacıyevlə qələbə topunu vurub – 3:4.
Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Sumqayıt Baş Gömrük İdarəsinin komandası Astara Gömrük İdarəsinin futzalçılarından üstün olub.
Sonra ilk üç yeri tutan komandaların və fərqlənənlərin mükafatlandırılması mərasimi keçirilib. Komandamızın üzvlərindən Rahil Tahirli çempionatın “Ən yaxşı qapıçı”sı, final qarşılaşmasında dubl edən Orxan Məmmədov “Ən məhsuldar oyunçu” seçilib. Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası komandamızın üzvlərindən Ramazan Ağayevi “Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə mükafatla təltif edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov komissiyanın fəxri kubokuna layiq görülüb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti