22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, həmçinin Kikboksinq federasiyalarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib.

 Turnirin açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Turnirin açılış mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov iştirakçıları salamlayaraq ölkəmizdə, eləcə də muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, idmanın maddi-texniki və təşkilati-hüquqi bazasının xeyli möhkəmləndiyini deyib.
Müasir idman infrastrukturunun formalaşdırılması nəticəsində qədim diyarda çoxsaylı beynəlxalq yarışların keçirilməsinin artıq ənənə halını aldığını vurğulayan nazir turnir iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, gündən-günə daha da gözəlləşir. Muxtar respublikada idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnirin Naxçıvanda keçirilməsi təsadüfi deyil. Çünki muxtar respublika artıq beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən məkan kimi böyük şöhrət qazanıb. Adil Əliyev vurğulayıb ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunədir. O, turnirin keçirilməsində göstərilən dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov vurğulayıb ki, müstəqil ölkəmizdə idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti nəticəsində Azərbaycanda güclü idman potensialı formalaşıb. Bu dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir olimpiya-idman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Təsadüfi deyil ki, ötən il ölkəmizdə 55-dən çox beynəlxalq yarış keçirilib.
Çıxışlardan sonra turnir açıq elan olunub.
Əvvəlcə peşəkarlar arasında reytinq döyüşləri keçirilib. Bu döyüşlərdə 54 kiloqram çəki dərəcəsində Anar Məmmədov (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman ­Cəmiyyəti), 63,5 kiloqram çəki dərəcəsində Ruslan Əliyev (“Qızıl əlcək” idman klubu), 67 kiloqram çəki dərəcəsində Arzuman Qədimov (“Naxçıvan” idman klubu), 71 kiloqram çəki dərəcəsində Nicat Vəliyev (“Röyal” idman klubu), 86 kiloqram çəki dərəcəsində isə Etibar Qədimov (“Şindi” idman klubu) qələbə qazanıblar.
Açılış mərasiminin bədii hissəsində Bakı şəhərindən dəvət olunmuş müğənni Elton ­Hüseynəliyevin ifasında səsləndirilən musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra beynəlxalq turnirin görüşlərinə start verilib.
Gərgin keçən mübarizə nəticəsində 63,5 kiloqram çəki dərəcəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətini təmsil edən Zöhrab Əzimov türkiyəli Ali Deveciyə, 65 kiloqram çəki dərəcəsində “Neftçi” idman klubunun yetirməsi Turan Qafarov belaruslu Andrey Chyhileichyka, 71 kiloqram çəki dərəcəsində “Samux” idman klubunun yetirməsi Elxan Əliyev rusiyalı Artyom İsmayılova, 86 kiloqram çəki dərəcəsində “Naxçıvan” idman klubunun yetirməsi Orxan Məlikov ukraynalı Aleksey Verşininə, 91 kiloqram çəki dərəcəsində “Quba” idman klubunun yetirməsi Asəf Aslanov belaruslu German Vandenvinə, +100 kiloqram çəki dərəcəsində isə “Prorinq” idman klubunun yetirməsi Fuad Həşimi Ukrayna təmsilçisi Maksim Hreitsara qalib gəlib.
Turnirin super döyüşlərində 75 kiloqram çəki dərəcəsində Azərbaycan Respublikası Daxi­li İşlər Nazirliyinin İdman Cəmiyyətini təmsil edən Ramal Aslanov Türkiyə təmsilçisi Mukremin Gülerə məğlub olub. 100 kiloqram çəki dərəcəsində isə “Orion” idman klubunun təmsilçisi Bəhram Rəcəbzadə Gürcüstan təmsilçisi Khvicha Kokuaşvili üzərində qələbə qazanıb.
Qaliblərə təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi İmaməddin Aslanov, kikboksinq üzrə dünya çempionu Şahin Mahmudov, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov və müğənni Elton Hüseynəliyev kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə təltif ediliblər.
Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir başa çatıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR