22 Dekabr 2024, Bazar

Avropada “Günün döyüşü”: Naxçıvan güləşçisi kişi kimi vuruşdu 

Fikrimcə, Naxçıvan güləşçisi Hacı Əliyev yeni dövr milli qəhrəmanlarımızdan biridir. Çünki indi dünyanın həsəd apardığı, hər gənc idmançının özünə kumir seçdiyi Hacı düz beş kərə – 3 dəfə dünya, 2 dəfə isə Avropa çempionatlarında bayrağımızı başı üzərinə qaldırıb.
Üzeyir Hacıbəyli və Əhməd Cavad ruhlu himnimizi səsləndirib. Ona görə Hacıya milli qəhrəman deyirəm ki, o həm səfirdi, həm diplomatdı, həm səngərdə keşik çəkən döyüşçü əsgərdi, həm də Azərbaycanın siması olan gənc və perspektivli idman elçisidi.
Ölkələr var ki, hələ də dünya və Avropa çempionatlarında 1 bürünc medal belə, qazana bilməyiblər. Ancaq Hacı təkbaşına 5 qızıl medal qazanıb!

1991-ci ildə Naxçıvan şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan bu “qızıl oğlan” hələ uşaq yaşlarından valideynləri tərəfindən cidd-cəhdlə güləşə cəlb olunub. İlk müəllimi atası Azər Əliyev, çəmənlikdə, göy otların üstündə ilk rəqibi isə qardaşı – 2013-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olmuş Yaşar Əliyev olub. Yüksək idmançı intizamı, özünə qarşı tələbkarlıq, Naxçıvanda gənc idmançıların yetişməsi üçün mövcud olan lazımi şərait və dəstək Hacını qısa vaxtda milli komandamızın tərkibinə qatıb. Hələ bir neçə il əvvəl 3 dəfə ard-arda dünya çempionu titulunu qazanan qəhrəmanımız Azərbaycan güləş tarixində bir ilkə imza atıb.
Hacı bu gənc yaşında həm “Tərəqqi” medalı, həm də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. O həm də XXXI Yay Olimpiya Oyunlarının və I Avropa Oyunlarının bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibidir...
Budur, ötən gün Hacı yenə də döşək üzərinə çıxıb.
Rusiyada keçirilən Avropa çempionatında sərbəst güləşçimiz 65 kiloqram çəkidə əvvəl avstriyalı, sonra isə türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək final yolunu açır. Finaldakı rəqib ev sahibi – rusiyalı idmançı İlyas Bekbulatovdur. Güclü rus güləşçi 8 dəqiqəlik görüşün ortalarında Hacını 5-0 üstələsə də, pəhləvanımız inadla döyüşür və son anda 8-7 hesabı ilə rusiyalı rəqibinə və zalı dolduran çoxsaylı yerli azarkeşlərə “şok” yaşadır.
Çünki o, Haçadağın vüqarını biləyində, Arazın nəğməsini ürəyində gəzdirən Hacı Əliyevdir...
Nəfəslərimizi tutub izlədiyimiz bu qarşılaşmanı Dünya Güləş Federasiyası (FİLE) “Günün döyüşü” elan edir.
Bəli, Naxçıvan idmançısı Avropada günün adamı, günün döyüşçüsü, günün qəhrəmanı, üçrəngli bayrağın bayraqdarı, dünyada yaşayan milyonlarla azərbaycanlının qürurudur!!!
Təbriklər, Hacı!
Qoy babalarımızın ruhu və nəfəsi ilə dalğalanan, şəhidlərimizin qanı ilə qidalanan ay-ulduzlu mələyimiz sənin kimi nümunəvi gənclərin başı üzərindən enməsin!
Naxçıvan, Azərbaycan səninlə qürur duyur, üçqat dünya, ikiqat Avropa çempionluğun mübarək!!!
Səni bağrımıza basırıq, sən MİLLİ UCALIĞIMIZ olan bayrağımızı həmişə bağrına basıb ucalara qaldırdığın kimi...

Sahil Tahirli
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR