22 Dekabr 2024, Bazar

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Karate­-do Federasiyasının birgə təşkil etdiyi karate-do üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına yekun vurulub.

 Yarışda muxtar respublikanın şəhər və rayonlarının 8 komandası ilə yanaşı, Bakı şəhərinin 5 komandası da mübarizə aparıb və tatami üzərinə 300-ə yaxın idmançı çıxıb.

Çempionatın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yarış iştirakçılarını salamlayaraq ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycanda aparılan uğurlu idman siyasəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Fazil Ələkbərov bildirib ki, muxtar respublikada idmanın maddi-texniki bazasının gücləndirilməsi, yüksək səviyyəli idman yarışlarının keçirilməsi, məktəblərdə müasir standartlara cavab verən idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclərin bu sahəyə olan marağını xeyli artırıb. Bunun nəticəsində muxtar respublika idmançıları hər il idmanın bir çox sahələrində böyük nailiyyətlər əldə edirlər. Təsadüfi deyil ki, muxtar respublikada 500-ə yaxın yeniyetmə və gənc idmanın karate növü ilə məşğul olur. Sevindirici haldır ki, bunların 115-i qızdır. Federasiyanın sədri yarış iştirakçılarına uğurlar arzulayıb və çempionatı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada öndə gedən ölkələrdən biridir. Qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarını, hətta əksər Avropa dövlətlərini də geridə qoyur. Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı daha da ruhlandırır, onları yeni-yeni qələbələrə aparır.
“Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada da idmanın inkişafı istiqamətində mühüm işlər görülür”, – deyən nazir qeyd edib ki, bunun nəticəsində 2017-ci ildə muxtar respublika idmançıları Azərbaycan birinciliklərində 129, beynəlxalq turnirlərdə 89, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Avropa çempionatlarında 1, dünya çempionatlarında 5, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal qazanıblar. Nazir çıxışının sonunda idmançılara yarışlarda qələbə əzmi arzulayıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Azərbaycan Milli Karate Federasiyasının baş katibi, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək ulu öndər Heydər Əliyevin idman siyasətindən, Azərbaycanda bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, iştirakçılara uğurlar diləyiblər.
Sonra Azərbaycan Milli Karate Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərova və Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarova xatirə hədiyyələri təqdim olunub.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Karateçilərin nümunəvi çıxışlarından sonra çempionatın final görüşlərinə start verilib.
Yekun nəticələrə görə Vüsal Seyidov, İmran Mövsümov, Hüseyn Məmmədli, Əsəd İmanov, Aslan İsmayılov, Sərcan Məmmədov və Babək Qələmzadə öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıblar. Qızlar arasında isə Səmra Məmmədli qalib olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Komanda hesabında isə “Naxçıvan” komandası qalib adını qazanıb. “Arpaçay” komandası ikinci, “Araz” komandası üçüncü olub. Qalib komandalar turnirin kubokları ilə təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasına isə yarışın yaxşı təşkil olunmasına görə “Heydər Əliyev kuboku” təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR