22 Dekabr 2024, Bazar

“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnir Duzdağ magistral yolunun 5 kilometrlik məsafəsində keçirilib. Turnirdə 250-yə yaxın atlet mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən yeni tikililər arasında idman obyektləri mühüm yer tutur. Bu, digər idman növləri kimi yüngül atletikanın da gənclər arasında kütləviliyin təmin edilməsinə şərait yaradır. Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir, idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə nail olub. Bunun nəticəsidir ki, idmançılarımız Avropa və dünya, beynəlxalq turnirlərdə Naxçıvanı layiqincə təmsil edirlər. Rövşən Məmmədov çıxışının sonunda turnirdə iştirak edən hər bir idmançıya uğurlar ­arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, 2018-ci il muxtar respublikamızın idman həyatında keçiriləcək mühüm tədbirlərlə, yarışlarla yadda qalacaq. Buna səbəb cari il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə yanaşı, gənclərimizin də fəal iştirakı nəticəsində şəhərimizin ölkənin Gənclər Paytaxtı seçilməsidir.
Nazir qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb. Bu gün muxtar respublikada da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Naxçıvanda müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına geniş imkanlar açır.
Muxtar respublikanın təhsil nazirinin müavini Əli Vəliyev qeyd edib ki, bu gün nüfuzlu idman tədbirlərinin keçirilməsi üçün hər bir şərait yaradıldığı diyarımızda bütün məktəblərin idman zalları yenidən tikilib və ya bərpa olunaraq istifadəyə verilib. Bu da yeniyetmə və gənclərin fiziki sağlamlıq və idman vərdişlərinin formalaşmasında, dostluq münasibətlərinin yaranmasında mühüm rol oynayır.
Turnirin yekun nəticəsinə gəlincə, oğlanlar arasında finiş xəttinə hamıdan tez Əmrah Tağıyev (“Rabitə” İdman Klubu) çatıb. Digər iki pillədə Cavid Qasımov (Naxçıvan Dövlət Texniki Kolleci) və Səfər Tağıyev (“Rabitə” İdman Klubu) qərarlaşıblar.
Qızların mübarizəsində isə Gülayə Cəfərova (Naxçıvan Dövlət Universiteti) qalib adını qazanıb. Cansu Abbasova və Telli Abbasova (hər ikisi Naxçıvan Dövlət Texniki Kolleci) ikinci və üçüncü olublar.
Sonda qalib idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

* * *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının təşkil etdiyi boks üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə start verilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya­-İdman Kompleksində keçirilən turnirdə 100-ə yaxın dəri əlcək sahibi iştirak edir. Boksçular 12 çəki dərəcəsində (42, 44, 48, 50, 52, 54, 57, 60, 64, 69, 75 və +81 kiloqram) mübarizə aparırlar.
Artıq turnirin finalçıları məlum olub. Bu gün keçiriləcək final görüşlərində qaliblər müəyyənləşdiriləcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR