22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında ikinci tura yekun vurulub.
“A” qrupunda turnirin favoriti olan azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) iranlı beynəlxalq usta Musavi Seyid Xəlillə (2460) qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan Azərbaycan şahmatçısı qələbə qazanıb. İlk turda heç-heçə edən ukraynalı qrossmeyster Anton Korobov (2678) ikinci turda da xalları yarı bölüb. Bu dəfə o, azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəylinin (2419) müqavimətini qıra bilməyib. Almaniyalı qrossmeyster İqor Xenkin də (2557) ikinci turu “sülh”lə başa vurub. Alman şahmatçı azərbaycanlı beynəlxalq usta Orxan Abdulovla (2401) heç-heçəyə razılaşıb. Belçikalı qrossmeyster Vadim Malaxatko (2532) ikinci turda aktivinə bir xal yazdırmağı bacarıb. O, azərbaycanlı FİDE ustası Rəvan Əliyevi (2340) məğlub edib.
Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) bu turda türkiyəli qrossmeyster Sanal Vahapla (2505) heç-heçə etdiyi halda, Nicat Məmmədov (2602) iranlı beynəlxalq usta Tahbaz Araşı (2451) məğlubiyyətə uğradıb.

Bu qrupda Naxçıvan Muxtar Respublikasını təmsil edən zəka sahiblərindən FİDE ustamız Pərviz Qasımov (2329) azərbaycanlı FİDE ustası Aytən Əmrayevanı (2166) məğlub edib. Qrossmeysterimiz Urfan Sevdim­alıyev (2397) bu turda ispaniyalı qrossmeyster Oleq Kornevlə (2533) “sülh” bağlayıb. İlk turda heç-heçə edən FİDE ustamız Sadiq Məmmədov (2293) ikinci turda da rusiyalı qrossmeyster Aleksandr Yevdokimovla (2502) xalları yarı bölüb. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) də azərbaycanlı qrossmeyster Nərmin Xələfova (2256) ilə yarım xala razı olublar.
Hazırda turnir cədvəlinə 2 xalla Eltac Səfərli, Nicat Məmmədov və Aleksey Aleksandrov başçılıq edirlər.
98 şahmatçının mübarizə apardığı “B” qrupunda isə turnir cədvəlinə iki turdan sonra 21 zəka sahibi maksimum xalla başçılıq edir. Sevindirici haldır ki, məhz ilk iki pillədə Naxçıvan Şahmat Məktəbinin yetirmələri – Əli Hüseynzadə və Sadiq Qarayev ­qərarlaşıblar.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 73 görüş keçirilib. Belə ki, keçirilən görüşlər zamanı qara fiqurlarla mübarizə aparan 70 idmançı qələbəyə sevinib, 9 görüş heç-heçə başa çatıb. 67 görüşdə isə ağ fiqurlarla mübarizə aparan zəka sahibləri üstün olublar. Hazırda turnir cədvəlində 31 idmançının maksimum xalı var ki, onlar arasında muxtar respublikamızı təmsil edən Rəsul Tarverdiyevin, Zaur Babayevin, Vaqif Cabbarlının, Nazlı Hümbətovanın, Azərin Cəfərlinin, Vüqar Oruc­əliyevin adlarını qeyd edə bilərik.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR