22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda bu idman növünün inkişafı daim diqqət mərkəzindədir

 

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, respublikamız dünyada sürətli iqtisadi yüksəlişi ilə yanaşı, həm də idman sahəsində qazandığı çoxsaylı uğurları ilə diqqəti cəlb edir. Azərbaycan artıq bir idman ölkəsidir. Böyük reallığı əks etdirən bu fikir öz təsdiqini qazanılan nailiyyətlərlə də tapmaqdadır.
Müasir Azərbaycan gəncinin idmanın müxtəlif növlərinə yönəlməsi, gələcək nəslin sağlam, vətənpərvər ruhda böyüməsi üçün ölkənin bütün regionlarında idman obyektləri, kompleksləri tikilib istifadəyə verilir. Müasir idman infrastrukturuna malik Naxçıvan Muxtar Respublikasında da idmanla məşğul olan gənclərin sayının gündən-günə artması idmanın kütləviliyindən xəbər verir. Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən muxtar respublikadakı federasiyalar təşkil etdikləri yarışlarla, turnirlərlə bu sahəyə öz töhfələrini verirlər. Hərtərəfli şəraitlə təmin olunan Şahmat Federasiyası da hazırda bu növün kütləviliyi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır.

Dünyada dəqiq və sürətli hesablamaların harmoniyası hesab edilən şahmat asan göründüyü qədər də çətindir. Şahmat öz mənşəyini VI əsrə məxsus qədim hind “çaturanqa” oyunundan götürüb, bu söz qədim sanskrit dilindən “dörd qoşun bölməsi” kimi tərcümə olunur, bu qoşun özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını (qədimdə: iki­təkərli müharibə arabası) əhatə edir. Bu oyun VII əsrdə İranda “şahranc” adı ilə tanınır. “Şahmat” sözü isə oyunun məhz fars dilli versiyasında əmələ gəlib. Oyunçular rəqibin şahına həmlə etdikdə “Şah” və “Şah mat” (fars dilində “şah öldü” deməkdir) deyirlər.
Təbii ki, digər idman növləri kimi, şahmat da müxtəlif dəyişikliklərə məruz qalıb və müasir şəklini alıb. “Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var”, – deyən məşhur fransız yazıçısı Pyer Mak-Orlan, “Şahmat taxtası insan zehninin gimnastika zalıdır”, – deyən filosof Paskal bu oyunun beyinin aktivliyinə nə qədər təsir göstərdiyini bir cümlədə ifadə edirlər. Məhz buna görə hollandiyalı rəssam İpe Rubinqstal şahmatı fiziki sınaqlarla birləşdirərək şahboks yaratmaq qərarına gəlib. Şahboksda şahmat və boksun raundları bir-birini əvəzləyir və onun devizi belə səslənir: “Döyüşlər rinqdə baş verir, müharibələr isə lövhələr üzərində aparılır”.
Filosoflar qeyd edirlər ki, şahmatda ­3 gedişdən sonra tərəflərin 9 milyon növbəti gediş variantı olur. Hazırda 1000-dən çox müxtəlif başlanğıc mövcuddur. Şahmat insan yaddaşının gücləndirilməsinin ən məhsuldar üsulu hesab edilir. Təsadüfi deyil ki, məhz şahmatın gənc­lərin əqli inkişafına mühüm təsirini nəzərə alaraq məktəblərdə şahmat dərnəkləri yaradılıb.
Dəyişikliyə məruz qalan şahmat əvvəllər saatsız oynanılırdı. Bu zaman oyunçular oyunu saatlarla və günlərlə uzadır, öz rəqiblərini əldən salmağa çalışırdılar. 1852-ci ildən etibarən beynəlxalq turnirlərdə qum saatlarından istifadə edilməsinə başlanıldı. 1883-cü ildə isə Tomas Uilson tərəfindən ilk mexaniki şahmat saatları yaradıldı. Müasir dövrümüzdə şahmat kompüter pro­qramlarının vacib bir hissəsinə çevrilib. Bu gün kompüter proqramları əksər hallarda oyunçular tərəfindən keçirilmiş oyunların təhlili və öz qabiliyyətlərini təkmilləşdirmək məqsədilə istifadə olunur. Onları, adətən, qrossmeysterlər ilə bərabər səviyyədə tuturlar.
Şahmatı anadangəlmə yüksək istedad və intellektual qabiliyyətə malik olan insanlar üçün bir oyun hesab edirlər. Müəyyən qədər bu həqiqət olsa da, şahmat oynayaraq öz intellektual qabiliyyətini yüksəltməyin mümkünlüyü də reallıqdır. Bu oyun beyinin hər iki yarım­kürəsinin fəaliyyətini aktivləşdirir, diqqəti cəmləməyi, oxumaq vərdiş­lərini təkmilləşdirir.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şahmat idman növünə böyük diqqət və qayğı ilə yanaşılır. 2009-cu ildə ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərində Şahmat Mərkəzinin açılışı olub, sonrakı illərdə muxtar respublikanın bölgələrində də Uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat festivallarının keçirilməsi bu idman növünə olan diqqətin ildən-ilə artdığını göstərir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası son illər ərzində bir çox uğur əldə edib. Uğurların siyahısında daha çox beynəlxalq turnirlərin olması isə sevindirici haldır. Təbii ki, beynəlxalq arenalarda qazanılan nailiyyətlər idmançılarımızın ölkədaxili turnirlərdə uğurlu çıxışlarından irəli gəlir. Muxtar respublikada qədim ənənələrə malik olan bu idman növünün inkişafı üçün hər cür şərait yaradılıb. Təkcə 2017-ci ildə muxtar respublikada 4 dəfə Naxçıvan Muxtar Respublika birinciliyi, 5 dəfə FİDE-də qeydiyyata düşmüş beynəlxalq reytinqli açıq birinciliklər keçirilib, əlamətdar günlərdə müxtəlif səviyyəli yarışlar təşkil olunub. Eyni zamanda bu dövrdə Şahmat Federasiyasının 1 beynəlxalq qrossmeysteri, 2 beynəlxalq ustası, 3 FİDE ustası formalaşıb.
2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə şahmatçımız Pərviz Qasımovun adı gənc istedadların “Qızıl kitabı”na salınıb, o, aylıq təqaüdə layiq görülüb. Həmçinin federasiyanın yetirməsi Toğrul Həsənzadəyə pul mükafatı verilib.
Muxtar respublikamızda bu idman növünün inkişafı, kütləviliyi üçün tam orta məktəblərdə dərslər tədris olunur. Eyni zamanda şəhər və rayonlarda müasirtipli şahmat məktəbləri tikilib uşaq və yeniyetmələrin ixtiyarına verilib. Bunun nəticəsidir ki, bu gün Naxçıvanda qədim idman növünə olan maraq gündən-günə artmaqdadır. Zəka sahiblərimiz muxtar respublikanı çıxış etdikləri yarışlarda layiqincə təmsil edirlər. Xüsusilə Beynəlxalq Şahmat Festivalı gənc və perspektivli şahmatçılar üçün açıq bir qapıdır. Dünyanın müxtəlif ölkələrindən gələn şahmatçılarla rəqabət idmançılarımızın yarış təcrübəsini artırmaqla yanaşı, onların peşəkarlaşmasına da əhəmiyyətli təsir göstərir. Təsadüfi deyil ki, son illər hər festivalda naxçıvanlı şahmatçılar uğurlu nəticələr əldə ediblər.
Bu gün “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start verilir və 300-dən çox zəka sahibini 10 gün ərzində gərgin mübarizə gözləyir. Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı şahmatın inkişafının, gənc istedadların bu sahədə nə qədər bacarıqlı olmasının, onlara göstərilən dövlət qayğısının növbəti göstəricisidir. Təşkil edilən belə turnirlər artıq Naxçıvanı şahmat mərkəzinə çevirib. Həyata keçirilən məqsədyönlü tədbirlər şahmatın daha kütləvi xarakter almasına, bu diyarda beynəlxalq qrossmeyster, FİDE ustalarının yetişməsinə zəmin yaradıb.

 

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR