Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında məktəblər arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə Naxçıvan Qızlar Liseyi ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin qız komandaları mübarizə aparıblar. Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışaraq bildiriblər ki, görüşün keçirilməsində əsas məqsəd qızları kütləvi idmana cəlb etməkdən ibarətdir.
Görüşdə 18:8 hesabı ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası qalib gəlib. Sonda hər iki komandaya diplom və fəxri fərmanlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV