22 Dekabr 2024, Bazar

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiya imkanlarını daha da artırıb. Onların cəmiyyətə inteqrasiyası məqsədilə 2016-cı ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir. 

2018-ci il yanvar ayının 25-də ­Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasında muxtar respublikanın rayonlarında boccia bölmələrinin yaradılması qərara alınıb. İlk olaraq Culfa rayonunda məşqlər aparmaq üçün məşqçi-müəllim müəyyən edilərək təlimlərə cəlb edilib və fevralın 22-də Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilk olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Daha sonra isə muxtar respublikanın bütün bölgələrində məşqçi-müəllimlər müəyyənləşdirilərək bölmələr yaradılıb. Onların hər biri oyun üçün zəruri olan toplar və digər avadanlıqlarla təchiz edilib. Muxtar respublikada paralimpiya idman növləri üzrə idmançıların yetişdirilməsi və müəllimlərin təkmilləşdirilməsi məqsədilə ötən illərdə Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol və stolüstü tennis üzrə yığma komandalarının baş məşqçiləri buraya dəvət olunub.

Həmin tədbirlərin davamı olaraq boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya gəlib. Paralimpiya Federasiyasının hazır­ladığı proqrama əsasən dəvət olunanlar 6 gün ərzində federasiyanın boccia bölmələrində təlim-məşqlərdə olub, yarışların keçirilməsi, idmançıların hazırlanması üçün məşqçilərə təlimatlar verilib. Yekunda muxtar respublikada fəaliyyət göstərən bütün boccia bölmələrinin iştirakı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yoxlama oyunları keçirilib. Həmçinin oyunun idarə olunması ilə bağlı hakimlərin hazırlanması üçün seminar təşkil edilib. Seminarda beynəlxalq qaydalara əsasən kateqoriyalar üzrə yarışların təşkili haqqında məlumat verilib.
Onu da qeyd edək ki, ilk dəfə 2016-cı ildə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia üzrə muxtar respublika yarışı, daha sonra isə 2017-ci ilin mart ayında muxtar respublika birinciliyi keçirilib. 2016-cı ildə keçirilən “2-ci Respublika Uşaq Paralimpiya İdman Oyunları”nda muxtar respublikanı təmsil edən iki paralimpiyaçı müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə sahib olublar. 2017-ci ildə “3-cü Uşaq Paralimpiya İdman Oyunları”nda isə muxtar respublikamızı boccia üzrə təmsil edən 3 par­alimpiyaçıdan ikisi 2-ci, biri 3-cü yerə layiq görülüblər. 2017-ci ildə böyüklər arasında 4-cü respublika turnirində muxtar respublikamızı təmsil edən 1-ci qrup əlil Qafqaz Hüseynov 3-cü olub. Bütün bunlar bir daha onu göstərir ki, muxtar respublikamızda bu idman növü özünün inkişaf dövrünü yaşayır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR