22 Dekabr 2024, Bazar

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinə yekun vurulub.
Yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Oyun 3 tur – məktəbdaxili-seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və zona birinciliyi üzrə keçirilib. Zona birinciliyinə rayon (şəhər) birinciliklərində qalib olan komandalar vəsiqə qazanıblar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Zaur Həmidov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vüsal Əliyev çıxış edərək yarışın əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

Əsasnaməyə uyğun olaraq məktəblilər sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması və maskalanması bəndləri üzrə normativləri yerinə yetiriblər.
Sonda hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Ordubad şəhər internat tam orta məktəbin komandası ikinci, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib gələn komandalara təşkilatçıların diplom və kubokları, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Fövqəladə Hallar və Təhsil nazirliklərinin, Əlahiddə Ümumqoşun Ordunun və Səfərbərlik və Hərbi Xidmətə ­Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR