Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin ağır atletika üzrə Şərur rayon bölməsinin üzvü Tərmenxan Babayev 85 kiloqram çəki dərəcəsində mübarizə aparıb. 2002-ci il təvəllüdlü idmançımız böyüklərin yarışında iştirak etməsinə baxmayaraq, mükafatçılar arasında yer alıb. Belə ki, təmsilçimiz birdən qaldırmada 135, təkanla qaldırmada isə 162 kiloqramlıq çəkinin öhdəsindən gəlib. Toplamda 297 kiloqramlıq nəticə göstərən Tərmenxan Babayev Azərbaycan çempionatının gümüş medalını qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV