22 Dekabr 2024, Bazar

Müxtəlif dövrlərdə qadınların ideal bədən quruluşu, onların idmana yönəldilməsi barədə təzadlı fikirlər səsləndirilib. Məsələn, XIX əsrdə kök və bir qədər güclü qadın bədən quruluşu ideal hesab edilirdisə, XXI əsrin əvvəlində bu, özünü arıq bədən quruluşu ilə əvəz etməyə başladı. Təbii ki, bu cür bədən quruluşu anadangəlmə olmur: bunun üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə idmanla məşğul olmaq vacib şərtdir. Qərb mədəniyyətində qadının idmana cəlbi bu cür təzahür olunur: “Hər şey qadının öz əlindədir”. Bəs idman qadına gözəllik, yoxsa kobudluq verir?

Müasir dövrümüzdə “qadın idmanı – gözəllik, yoxsa kobudluq?” sualı ortaya çıxıb. Qərbdə güc tələb edən qadın idmanı hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb. Qadınların bir çoxu bədən quruluşunu müxtəlif idman növləri ilə “nizamlamağa” tənqidi yanaşırlar. Onlar üçün şeypinqlə, yaxud da aerobika ilə məşğul olmaq, qaçışa üstünlük vermək, ən cəsarətli idman hesab edilən bodibildinqlə məşğul olmaq orqanizmə zərərdir. Lakin həkimlər əzələləri möhkəmləndirmək üçün böyük çəki ilə işləmək lazım olduğunu vacib bilərək qeyd edirlər ki, həm kişilər, həm də qadınlar eyni məşğələni yerinə yetirə bilərlər. Onların orqanizmlərində gedən kimyəvi proseslər isə fərqlənir. Belə olan halda qadın əzələləri həcminə görə bəzən kişi əzələlərindən geri qalacaq, lakin eyni sağlamlıq mahiyyətini itirməyəcək. Ona görə həkimlər qadınların fitnes və ya ağır atletika ilə məşğul olmazdan öncə bunlara riayət etmələrini vacib bilirlər:

- məşqə tələsmədən başlamaq, böyük yüklərdən (alətlərdən) istifadə etməmək;
- bədənin yüklərə necə reaksiya verdiyini hiss etmək;
- məşq edərkən nəyin necə edildiyini yadda saxlamaq;
- ağır məşqlərə girməmək;
- düzgün nəfəs almağı öyrənmək, əsas tapşırıqları mənimsəmək və onları düzgün yerinə yetirməyə çalışmaq;
- məşğələlərə trenajorlardan başlamaq, onların köməyi ilə əsas texnikanı mənimsəmək asan olacaq.
Bu məsələdə əsas problem yüksək fiziki yükə və karbohidrogen-zülal tərkibli qidaların yüksək sərfinə əsaslanaraq əzələ kütləsinin nəzarətsiz qaydada artmasıdır. Bununla belə, söhbət bölgülü qidalanmadan gedir: məşqə qədər karbohidratlar, məşqdən sonra zülal. Güc tələb olunan məşqlərdə bu cür bölgüdən imtina etmək orqanizmin normal işinin pozulmasına səbəb ola bilər.
Digər tərəfdən görkəmini, bədən quruluşunu dəyişmək arzusunda olmayan qadınlara rast gəlmək çox çətindir. Əlbəttə ki, söhbət, ilk növbədə, artıq çəkidən azad olmaqdan gedir. Təəssüflər olsun ki, ehtiyatsızlığın əvəzini hərdən sağlamlıqla da ödəməli oluruq. Qadınlar bəzən artıq çəkidən azad olmaq üçün orqanizmə uyğun olmayan idman növlərinə üz tuturlar. Bu da qısa zaman kəsiyində öz fəsadlarını göstərir və qadında gözəllik yox, qeyri-normal bədən quruluşu formalaşdırır. Bu zaman ortaya belə bir sual çıxır: qadınlar daha çox həvəskar kimi hansı idmandan istifadə edə bilərlər? Gündəlik həyat tərzi və aparılan araşdırmalar göstərir ki, 22-35 yaşlı qadınlar həm bədən quruluşunu düzəltmək, həm də sağlam həyat tərzinə yiyələnmək üçün bədii gimnastika, üzgüçülük, yüngül atletika, tennis kimi idman növləri ilə məşğul olmalıdırlar. Adıçəkilən növlərin insan orqanizmində üstün cəhətləri isə aşağıdakılardır:
- maksimal qısa müddətə artıq çəkidən azad olmaq;
- əzələ kütləsinin lokal yolla təkmilləşdirilməsilə uyğun bədən forması əldə etmək;
- orqanizmdə metabolizm prosesini sürətləndirmək;
- qadın bodibildinqinin fəsadlarından ­qorunmaq;
- ürək-damar fəaliyyətini tənzimləmək;
- əzələ kütləsini tez bir zamanda formaya salmaq.
Hazırda dünyada bütün idman növləri sürətlə inkişaf edir. Əlbəttə, həm kişilər, həm də qadınlar hər hansı bir idman növü ilə məşğul olmaq üçün öz seçimlərində azaddırlar. Müasir zamanda öz sağlamlığına və bədən quruluşuna biganə qalmayan qadınlar bəzən bodibildinqə böyük maraq göstərirlər. Lakin bu heç də birmənalı qarşılanmır. Qadın öz incəliyini qorumalıdır. Çünki bodibildinq bədəni bərkidir və həddən artıq əzələli bədəni ona kobud görkəm verir. Kişilərlə müqayisədə qadınların bu növə maraq göstərməsi onların sağlamlığında fəsadlar törədə bilər. Çünki qadınlar üçün ciddi nəticələrə nail olmaq daha çətindir. Qadınların qanında testosteronun səviyyəsi kişilərlə müqayisədə 25 dəfə azdır və bu da əzələlərin müqayisə edilməməsi deməkdir.
Aparılan araşdırmalar göstərir ki, qadının məşq etmək üçün ən optimal vaxtı gündüz saat 3-dən 4-ə kimidir. Məşqin davametmə müddəti həftədə 2-3 dəfədən çox olmamaq şərti ilə 40-45 dəqiqə nəzərdə tutulur. Ağır güc sərf olunan məşqlərdən sonra bədənin bərpası üçün 1-2 gün vaxt lazımdır. Əksər mütəxəssislər güc sərfi ilə müşayiət olunan idman növlərini üzgüçülük, aerobika, şeypinq və ya qaçışla uyğunlaşdırmağı məsləhət görürlər.
Göründüyü kimi, qadının etdiyi ağır məşqlər səhvi bağışlamır. Bu da qadında gözəllik yox, kobudluq yaradır ki, bundan da xilas olmaq mümkünsüzdür: bədən öz quruluşunu itirir, orqanizmin inkişafında axsamalar yaranır. Yəni ağır idman qadında “dəmir bədən” formalaşdırır. Öz zəngin mənəviyyatı ilə yanaşı, xarici görünüşü ilə digər qadınlardan hər zaman seçilən Azərbaycan qadınlarına kobudluq yox, elə bu incəlik, zəriflik yaraşır.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR