İdmançı üçün vacib olan şərtlərdən biri onun iradəsidir. Hər bir kəs idmanı sevə, hətta idmançı ola bilər, lakin peşəkar idmançı olmaq daha çox güc və dözümlülükdən başqa, xarakter tələb edir. Yarışlar, turnirlər öncəsi yaranan həyəcan və bu həyəcana qalib gəlmək isə hər idmançıya nəsib olmur. Fiziki və psixoloji çətinliklər onlarda bəzən gücə qalib gəlir. Hər iki amilin təsirindən bu, bəzi hallarda idmançıların təlim-məşq prosesindəki faydalı işinin məhsuldarlığına, yarışlarda çıxışlarına, rəqib qarşısında istədiyi performansı göstərə bilməsinə mane olur.
Alimlərin araşdırmaları göstərir ki, belə hallar idmançının idman nəticəsinə təsir etməklə yanaşı, onun gələcəkdə bir insan kimi formalaşmasına da mənfi təsir göstərir. Bəs bu problemlərlə üzləşməmək üçün idmançı nə etməlidir?
Əvvəlcə onu qeyd edək ki, idman üzrə ekspertlərin ümumi rəyinə görə, ilk növbədə, məşqçi-müəllimlər təlim-tərbiyə işini düzgün qurmalıdırlar. Daha dəqiq desək, hər hansı idmançının əxlaqi-iradi hazırlığı vacib şərtlərdən biri olmalıdır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məşqçi-müəllimlərin fikirlərini bilmək, bu mənada, maraqlıdır.
Uzun illərdir, məşqçi kimi fəaliyyət göstərən, Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamaləddin İsmayılov deyir ki, hər bir məşqçi yetirməsinin daxili aləmini bilməli, ona pedaqoji nöqteyi-nəzərdən yanaşma metodlarından istifadə etməlidir. Məşqçilər idmançılarla təlim-tərbiyə işini qurmaq üçün onlara fərdi metod və vərdişləri aşılamaqla bu prosesi təkmilləşdirməlidirlər. O dedi: “Bizim qrupda olan idmançılarla bu cür tədbirlər iki aydan bir keçirilir. Qrup halında olan idmançılar üçün keçirilən tədbirlər, əsasən, yaş fərqindən, onların hazırlığının və bacarığının səviyyəsindən, təlim-məşq prosesinin tədris cədvəlindən asılıdır və bunu biz tərtib edirik. Məktəbdənkənar təlim-tərbiyə işinin qurulması və həyata keçirilməsi də məşqçi-müəllimin üzərinə düşür. Belə ki, məşqlərdə, komplekslərdə, idman zallarında, təlim-məşq toplanışlarında və ya komanda (qrup) yarışlara başqa şəhərlərə dəvət aldıqda, idmançı vərdiş etdiyi şəraitdən, ailədən, məktəbdən, dostlarından uzaqlaşır. Belə hallarda məşqçi-müəllim yeganə rəhbər kimi təlim-tərbiyə işinin qurulması və həyata keçirilməsinə məsuliyyət daşıyır”.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini, məşqçi-müəllim Faiq İsgəndərovun fikrincə isə, idmançılarla daha çox mənəvi tərbiyə haqqında söhbətlər aparmaq lazımdır. İlk olaraq bu tədbirləri yerinə yetirmək üçün kompleks metodlardan istifadə edilməlidir. Çünki bu zaman idmançılar özlərini rahat hiss edir və yarışlara daha həvəslə hazırlaşırlar. Təbii ki, bu məqamda məşqçi-müəllimlər buna nəzarət etməli, işin gedişinə öz köməklərini göstərməlidirlər. Bu prosesdə o zaman uğur qazanılır ki, məşqçi-müəllim möhkəm, dəyanətli bir kollektiv yaradır, qələbə və məğlubiyyətin hər bir qrup üzvünün ümumi işi olduğunu izah edir.
Boks Federasiyasının sədr müavini, məşqçi-müəllim Məmmədcəfər Əliyev deyir ki, təlim-məşq toplanışları zamanı idmançının asudə vaxtı düzgün təşkil edilmədikdə idmançıda baş qaldıran psixoloji problemlər darıxma şəklində özünü büruzə verir. Bu hallara yol verməmək üçün məşqçi-müəllim qabaqcadan, şəraitdən asılı olaraq, vaxt bölgüsü aparmalıdır. O həm də təlim-məşq prosesinin intensivliyini artırmaq və effektli olmasına çalışmaqla, kollektivin asudə vaxtının təşkili üçün təlim-tərbiyə planı işləyib hazırlamalıdır. Təlim-məşq qruplarında idmançının iradi keyfiyyətləri formalaşmaqla, onun düşüncəsi də möhkəmləndirilməlidir. Bu dövrdə idmançıların hər birinə fərdi yanaşmaq şərtdir. Təkmilləşmə qruplarında əsas amil odur ki, komanda daxilində həmişə qarşılıqlı anlaşma olsun.
“Məşqçi-müəllim və idmançı arasındakı münasibət tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurulmalıdır”. Bu fikirlər isə Karate-do Federasiyasının sədr müavini, məşqçi-müəllim Nəriman Quliyevə aiddir. Həmsöhbətim vurğulayır ki, bunların nəticəsi olaraq ustalığın artması yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır. Məşqçi artan fiziki yükə qarşı reaksiyanı müəyyən etmək üçün idmançı üzərində daha diqqətli müşahidə aparmalıdır. Hələ ilk məşqlərdən idmançılara ən vacib gigiyena vərdişlərini aşılamaq lazımdır. İdman formasının saxlanılması üçün qurulmuş iş rejiminə riayət edilməsi də əhəmiyyətlidir.
Bəs təlim-məşq prosesində idmançı zədələnərsə, nə edilməlidir? “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun həkimi Eldəniz Qurbanovun sözlərinə görə, zədələnmiş idmançının bərpa prosesi müəyyən olunmuş qaydalar əsasında aparılmalıdır. Bu zaman müxtəlif masaj növlərindən – hamamdan, saunadan, fizioterapiyalardan istifadə etmək lazımdır. Fizioterapevtik müalicələrin həkimin tövsiyəsi olmadan həyata keçirilməsi orqanizmə zərər verə bilər. Bərpa prosesini ixtisaslaşmış həkimlər aparmalıdırlar. Bu müalicələri çox apardıqda isə orqanizmdə mənfi dəyişikliklər baş verir. İdmançılar üçün hər seansda ancaq bir müalicə növü tətbiq edilə bilər ki, bu da həftədə 1 və ya 2 dəfə olur. Psixoloji bərpa isə idmançının çətin məşq prosesində, yarış zamanı onun orqanizminin fiziki yükə dözümlülüyünü, əsəbi-psixoloji anları bərpa etmək üçün istifadə olunan metoddur.
Həkimlərin araşdırması göstərir ki, idmançıya yarışqabağı eyni sözlər təkrar deyilirsə, bu, ona psixi təsir göstərəcəkdir. Ona görə də psixi təsir metodundan istifadə zamanı bu prosesi kompleks təsir metodunun da köməyi ilə qurmaq lazımdır. Əgər bərpa prosesi adi formada aparılarsa, məşqin səmərəsi azalar, idmançının fiziki hazırlığı isə zəifləyər.
Ceyhun MƏMMƏDOV