Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında ağırlıq çəki daşlarının qaldırılması və armreslinq (qol güləşi) üzrə birincilik keçirilib.
Birinciliyi keçirməkdə məqsəd Bakı şəhərində təşkil olunacaq Daxili İşlər Nazirliyinin əməkdaşları arasında çoxnövçülük yarışında muxtar respublika komandasının heyətini formalaşdırmaq və birinciliyə hazırlaşmaq olub. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov və nazirliyin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev son illər muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarışın qaydaları haqqında məlumat veriblər.
14 komandanın tərkibində 100-dən çox idmançı 7 çəki dərəcəsində mübarizə aparıb.
Ağırlıq çəki daşlarının qaldırılması üzrə keçirilən yarışda Rəşad Həsənov (65 kiloqram), Kənan Əliyev (70 kiloqram), Orxan Babayev (75 kiloqram), Sakit Məmmədov (80 kiloqram), Sərxan Zeynalov (85 kiloqram), Cavanşir Yaqubov (90 kiloqram) və Rauf Vəliyev (90+ kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar.
Armreslinq birinciliyində isə Rəşad Həsənov, Şahin Hüseynov, Cavid Əhmədov, Elvin Mütəllimov, Sərxan Zeynalov, Vəli Şirəliyev və Allahverdi Qəribov müvafiq olaraq, 65, 70, 75, 80, 85, 90 və 90+ kiloqram çəki dərəcələrində birinci olublar.
Komanda hesabında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandası hər iki yarışda uğurlu çıxış edərək birinciliyin baş mükafatını qazanıb. Xüsusi Təyinatlı Əməliyyat Taqımı ikinci, Babək Rayon Polis Şöbəsinin komandası isə üçüncü olub.
Sonda qalib idmançılara diplomlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV