İran İslan Respublikasının Astara şəhərində keçirilən beynəlxalq idman olimpiadasına yekun vurulub. Turnirdə taekvando və cüdo növləri ilə yanaşı, karate üzrə də yarışlar təşkil edilib. Turnir Karate Federasiyasının qaydalarına əsasən kumite və kata bölmələrində keçirilib. Bu növdə idmançılar 6 yaş kateqoriyasında mübarizə aparıblar. Azərbaycan millisinin heyətində qonşu ölkədə iki idmançımız – Vüsal Seyidov (12-13 yaş) və Aslan İsmayılov (14-15 yaş) da mübarizə aparıblar. Hər iki idmançımız uğurlu çıxış edərək Vətənə medallarla qayıdıb.
Belə ki, 12-13 yaş qrupunda 40 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Seyidov bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. 70 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan digər idmançımız Aslan İsmayılov isə turnirin üçüncüsü olub.
Bununla yanaşı, idmançılarımız Bakı şəhərində “Araz” idman klubunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş açıq turnirdə də iştirak ediblər. Bu turnirdə də Vüsal Seyidov 12-13 yaşlı idmançıların mübarizəsində qalib adını qazanıb. Aslan İsmayılov isə kumite yarışlarında birinci, kata yarışlarında isə ikinci olub.
Sonda idmançılarımıza diplom və medallar təqdim edilib.
Ceyhun MƏMMƏDOV