Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi daha bir uğura imza atıb. Rəşid Süleymanov Rusiya Federasiyasının Lipeçk şəhərində keçirilən karate üzrə “Böyük Pyotr” kuboku uğrunda turnirdə iştirak edib.
İki gün davam edən turnirdə idmançımız 10-11 yaşlı idmançılar kateqoriyasında mübarizə aparıb. Tatami üzərinə çıxan karateçimiz bürünc medal qazanıb.
Karate-do Federasiyasının yetirmələrini qarşıda daha böyük yarış gözləyir. Belə ki, fevralın 16-da İran İslam Respublikasının Gilan və Astara şəhərlərində beynəlxalq idman olimpiadası start götürəcək. Turnirdə taekvando və cüdo növləri ilə yanaşı, karate üzrə də yarışlar təşkil ediləcək. Turnir Karate Federasiyasının qaydalarına əsasən kumite və kata bölmələri üzrə keçiriləcək. Bu növdə idmançılar 6 yaş kateqoriyasında mübarizə aparacaqlar. Azərbaycan millisinin heyətində qonşu ölkəyə iki idmançımız – Vüsal Seyidov (12-13 yaş) və Aslan İsmayılov (14-15 yaş) yollanacaqlar.
Ceyhun MƏMMƏDOV