Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclası federasiyanın sədri Asəf Məmmədov açaraq bildirib ki, 2017-ci il ərzində muxtar respublikamızda idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər davam etdirilib, əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolu diqqətdə saxlanılıb. Qarşıya qoyulmuş məqsədlərə çatmaq, muxtar respublikamızda atıcılıq idman növünün inkişaf etdirilməsinə, kütləviliyin artırılmasına nail olmaq üçün 2017-ci ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təqvim planı təsdiqlənib, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin olunub. Hər ay atıcılığın müxtəlif növləri üzrə ən azı bir yarışın keçirilməsi idmançılarda peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bu idman növü üzrə kütləviliyə nail olunmasına və gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artmasına müsbət təsir göstərib. İl ərzində stend, tir atıcılığı və peyntbol üzrə hər növdə üç yarış olmaqla, ümumilikdə, doqquz birincilik keçirilib. Stend yarışlarında 63, tir atıcılığı yarışlarında 100, peyntbol üzrə birinciliklərdə 107 idmançı mübarizə aparıb. Bu növlər üzrə idman yarışlarının və iştirakçıların sayı ötən illərlə müqayisədə artıb.
Asəf Məmmədov diqqətə çatdırıb ki, federasiya tərəfindən atıcılıq idman növü üzrə keçirilən yarışlarla bağlı beynəlxalq təcrübənin öyrənilməsinə, bu idman növünə marağı olan idmançıların peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilib. “Naxçıvan” komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədilə perspektivli idmançıların təlim-məşq toplanışlarına cəlb olunması təmin edilib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, bu gün muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə nazirlik muxtar respublikada yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir. Ötən il nazirlik tərəfindən atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılmasına nail olmaq məqsədilə Atıcılıq Federasiyası ilə birgə bir sıra tədbirlər həyata keçirilib. Sözügedən idman növünün muxtar respublikada təbliği, rayonlarda da atıcılıq üzrə idman klublarının yaradılması, tir meydançalarının formalaşdırılması istiqamətində işlər diqqətdə saxlanılıb, mütəmadi olaraq idman yarışları təşkil edilib.
Nazir qeyd edib ki, bu yarışlar sırasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda keçirilən yarış atıcılıq idman növünün muxtar respublikada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qızların bu idman növünə cəlbi istiqamətində də işlər görülüb, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində açıq birincilik keçirilib. Bununla yanaşı, nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb, bu məqsədlə ilboyu müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil edilib. Həmçinin idmançı və məşqçi heyətinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub.
Tədbirə yekun vuran federasiyanın sədri Asəf Məmmədov bildirib ki, ötən il ərzində Atıcılıq Federasiyasına üzv olanların sayı artaraq 470 nəfərə çatıb və onlar üzvlük vəsiqələri ilə təmin olunublar. İdmanın inkişafına, insanların sağlamlığının qorunmasına, asudə vaxtın səmərəli təşkilinə göstərilən dövlət qayğısının ilbəil artması onu deməyə əsas verir ki, federasiya qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növü üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səyləri artıracaq, 2018-ci ilin təqvim və tədbirlər planından irəli gələn məsələlərin həlli, müxtəlif idman yarışlarının təşkili yüksək səviyyədə həyata keçiriləcəkdir.
Ceyhun MƏMMƏDOV