Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı başa çatıb.
Bakı Boks Mərkəzində təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 boksçusu mübarizə aparıb.
Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da yetirmələri iştirak ediblər. 6 gün davam edən yarışda ən yüksək nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Cəfərzadə qazanıb. Belə ki, dəri əlcək sahibimiz ilk turda Cəbi İsayevi mübarizədən kənarlaşdırıb. Ardınca boksçumuz Qəbələ İdman Klubunun idmançısı Vüsal Verdiyev və Masallı boksçusu Süleyman Süleymanlını məğlub edib. Bu qələbələr onun yarımfinala yüksəlməsinə şərait yaradıb. Finala gedən yolda İbrahim Cəfərzadə Cavid Çələbiyevə məğlub olub və Azərbaycan çempionatının bürünc medalını qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Ceyhun MƏMMƏDOV