22 Dekabr 2024, Bazar

Muxtar respublikada idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən yarışlarda, turnirlərdə uğurlu nəticələr əldə edirlər. Bu sahədə qazanılan nailiyyətlər həm də Naxçıvanın ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir. Həm idman obyektlərinin tikintisi, həm də muxtar respublikanın beynəlxalq yarışlara ev sahibliyi etməsi, idman sahəsindəki uğurlarımızın, regionda idman siyasətinin təbliğatçısı imicinin möhkəmlənməsinin əsasını təşkil edir. 

Yaradılan şərait gənc nəslin idman obyektlərindən necə istifadəsi sualını da ortaya çıxarır. Fərəhlə deyə bilərik ki, bu gün muxtar respublikada idman auditoriyası genişdir və bu sahənin çoxşaxəliliyi bazanın zəngin olmasından irəli gəlir. Geridə qoyduğumuz ildə idman idarələri arasında olan sağlam rəqabət bu sahənin gündən-günə inkişafına, insanların rəğbətinə səbəb olur.

Belə ki, ötən il Şərur Rayon Gənclər və İdman İdarəsi bir sıra uğurlu nəticəyə imza atıb. Şərurlu idmançılar muxtar respublika birincilikləri ilə yanaşı, ölkədaxili çempionatlarda da mübarizə aparıblar. Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin idmançısı Tərminxan Babayev ölkə birinciliyində qalib adını qazanıb. ­ O, eyni zamanda 6 dəfə Avropa rekordunu təkrarlayaraq qitə birinciliyinin qalibi olub. Həmçinin kikboksinq üzrə ölkə birinciliyində Şərur idmançıları mükafatçılar sırasına düşməyi bacarıblar. Muxtar respublika birinciliklərində idmançılar, ümumilikdə, 16 dəfə fəxri kürsüdə özlərinə yer tapıblar ki, bunların da 13-ü ­birincilikdir.
Sədərək idmançılarının uğurlu çıxışları da diqqətdən yayınmayıb. İlk olaraq rayonun voleybol komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş muxtar respublika turnirində ikinci yeri əldə ediblər. Rayonda idmançıların ötən il ərzində daha çox fərdi idman növlərinə üstünlük vermələri qazanılan uğurlardan da aydın görünür. Belə ki, muxtar respublika turnirlərində boksdan 3 (1 gümüş, 2 bürünc), karate-do idman növündən 5 (1 qızıl, 3 gümüş, 1 bürünc), yüngül atletikadan isə 1 (qızıl) medal əldə ediblər. Eyni zamanda Azərbaycan birinciliyində çıxış edən Sədərək atletləri 2 qızıl və 1 gümüş medal qazanıblar.
Kəngərli rayonunu təmsil edən komandalar “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Naxçıvan Muxtar Respublika birinciliyində qalib gələrək bu rayonda idmana göstərilən qayğıdan bəhrələndiklərini bir daha sübuta yetiriblər. Kollektiv növlərdən “Şahin” hərbi-idman oyunlarında rayon komandası üçüncü yerlə kifayətlənib. Muxtar respublika və ölkə birinciliklərində isə Kəngərli idmançıları daha çox boks və yüngül atletika növlərində çıxış ediblər. Boksda qazanılan 3 uğurun biri 1-ci yer olubsa, yüngül atletikada Güllü Cəfərova 200-400 metr məsafədə Azərbaycan birinciliyinin qalibi olub. Babək rayonu idmançılarının ölkədaxili və beynəlxalq turnirlərdə qazancları daha çox olub. Belə ki, keçirilən yarışlarda rayon idmançıları 10-dan çox medal qazanıblar ki, bunun da 3-ü birinci yerdir.
Digər rayonlardan fərqli olaraq Culfa rayonunda daha çox qazanılan uğurlar individual idman növlərində olub. Belə ki, Bakı, Tovuz, Şirvan və Türkiyənin Sakarya şəhərlərində keçirilən cüdo üzrə birinciliklərdə idmançılar üç qızıl, iki gümüş, dörd bürünc medal qazanıblar. Cüdoçular muxtar respublika birinciliklərində isə 31 dəfə fəxri kürsüdə özlərinə yer tapıblar – 13 qızıl, 8 gümüş, 10 bürünc medal. Bununla yanaşı, Culfa idmançıları boks üzrə muxtar respublika birinciliyində 2-si qızıl, 3-ü bürünc olmaqla 5, şahmat turnirində isə 1-i qızıl, 2-si gümüş olmaqla 3 medal qazanıblar. Kollektiv göstəricilərə gəlincə, culfalı idmançılar muxtar respublika birinciliklərində komanda hesabında 2 dəfə fəxri kürsüyə qalxıblar ki, onlardan da biri birinci yerdir.
Ordubad rayonunun atletləri ölkə birinciliklərində uğurlu çıxış edərək mükafata layiq görülüblər. Bununla yanaşı, zəka sahibi Seyid Hüseyn “Naxçıvan – 2017” Beynəlxalq Şahmat Festivalında və Child tournament “Vugar Gashimov birthdays Memorial U-12 – 2017” beynəlxalq şahmat turnirində, Uğur Həsənli isə Azərbaycan çempionatının seçmə turnirində böyük uğura imza atıb. Ümumiyyətlə, Ordubad rayonunda idmançıların individual çıxışları daha böyük nəticələrlə yekunlaşıb. Rayonun 9 idmançısı 2017-ci ildə müxtəlif idman növlərində birinci yerə layiq görülüblərsə, 5 idmançı ikinci, 6 idmançı isə üçüncü olub. Kollektiv idman növlərində isə Gənclər və İdman İdarəsinin yetirmələri müxtəlif növlərdə mükafatlar qazanıblar.
Şahbuz Rayon Gənclər və İdman İdarəsinin müsbət yöndə gördüyü işlər əldə edilən nəticələrlə özünü açıq şəkildə büruzə verir. Kollektiv idman növlərində futbol (10-12 və 11-13 yaşlılar), basketbol, futzal komandaları muxtar respublika çempionatlarında mükafatçılar sırasına düşüblər. İndividual növlərdən isə güləş və armreslinq növlərində qazanılan nailiyyətlər daha çoxdur. Ümumiyyətlə, rayon idmançıları 2017-ci ildə 7 dəfə fəxri kürsüyə qalxmağa nail olublar.
Ötən il muxtar respublika birinciliklərində ən böyük uğuru Naxçıvan şəhərinin idmançıları qazanıblar. Keçirilən yarışlarda şəhər idmançıları, ümumilikdə, 308 dəfə mükafat qazananlar siyahısında olublar ki, daha çox uğur qazanan idman növləri boks, karate-do, güləş, kikboksinq, MMA, şahmat və futboldur. “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyində isə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası birinci olub. “Sərhəd” hərbi-idman oyunlarında isə 2 nömrəli tam orta məktəbin komandası ölkə birincisi adını qazanıb. Ölkədaxili və beynəlxalq turnirlərdə şəhər idmançıları 120 müxtəlif əyarlı medal qazanıblar ki, bunların 54-ü qızıl, 23-ü gümüş, 43-ü isə bürüncdür.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR