Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası federasiyanın sədr müavini Məmmədcəfər Əliyev açaraq bildirib ki, 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə yaradılan Boks Federasiyasının əvvəllər ancaq Naxçıvan şəhərində bölməsi fəaliyyət göstərirdisə, indi bütün rayonlarda bu idman növünün bölmələri var. Hazırda boksla 400-ə yaxın yeniyetmə və gəncin məşğul olduğunu vurğulayan Məmmədcəfər Əliyev qeyd edib ki, muxtar respublikada idmana göstərilən diqqət və qayğı nəticəsində məşqçilərdən Elşən Qubuşov, Məmmədəli Eyvazov, Elnur Əliyev, Cavanşir Salayev, İsa Xəlilov əməklərinə görə mükafatlandırılıblar. Həmçinin federasiyanın məşqçi-müəllimlərindən 2 nəfəri “Tərəqqi” medalı və “Fəxri diplom”la, 4 nəfəri “Əməkdar məşqçi”, 1 nəfəri isə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunublar.
Federasiyanın sədr müavini vurğulayıb ki, 2017-ci ildə idmançılarımız ölkədaxili və beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər. Belə ki, idmançılarımız Azərbaycan və beynəlxalq yarışlardan 20 medal qazanıblar. Bununla yanaşı, boksçularımız son bir ildə 17 müxtəlif idman yarışında iştirak ediblər ki, bunun da biri Avropa birinciliyi, dördü beynəlxalq turnir, üçü Azərbaycan birinciliyi, biri Naxçıvan Muxtar Respublika turniri, yeddi açıq birincilik və bir Naxçıvan şəhər birinciliyidir.
Sonra çıxış edənlərdən federasiyanın Naxçıvan şəhər bölməsinin məşqçi-müəllimi Məmmədəli Eyvazov, Şərur rayon bölməsinin məşqçi-müəllimi Rasim İsgəndərov və Ordubad rayon bölməsinin məşqçi-müəllimi Müzəffər Həbibov ötən il görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Ötən il nazirlik ilə Boks Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublika boksçuları beynəlxalq və respublika miqyaslı yarışlarda uğurlu nəticələr qazanıblar. Eyni zamanda ötən ilin may ayında Naxçıvan şəhərində keçirilmiş “Heydər Əliyev kuboku – 2017” beynəlxalq turnir də uğurlu nəticələrlə yadda qalıb. Bununla yanaşı, muxtar respublikanın bölgələrində də bu idman növünün inkişafı diqqətdə saxlanılıb, rayon və şəhərlər üzrə açıq birinciliklər təşkil edilib. Keçirilən yarışlarda istedadlı gənclərin üzə çıxarılması və yerlərdə bu idman növünün təbliği ilə bağlı müvafiq işlər görülüb.
İclasa yekun vuran Məmmədcəfər Əliyev qeyd edib ki, nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb, müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil edilib. Bütün bu görülən işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının, Boks Federasiyasının nazirliklə birgə məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Vurğulanıb ki, federasiya dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaqdır.
Ceyhun MƏMMƏDOV