22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Vüqar Səfərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda bütün sahələrlə yanaşı, şahmatın inkişafı da təmin edilib, onun maddi­-texniki bazası möhkəmləndirilib. Federasiyanın üzvləri yaradılan bu şərait­dən səmərəli istifadə edərək 2017-ci ildə şahmatın kütləviliyinin təmin olunması, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərin formalaşdırılması istiqamətində tədbirlər görüb, şahmatçıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakları təmin edilib.
Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş beynəlxalq şahmat festivalı, muxtar respublika, şəhər və rayon mərkəzlərində komanda və şəxsi birinciliklər, eləcə də seçmə yarışları keçirilib.

Federasiyanın sədri qeyd edib ki, 2017-ci il 14 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə şahmatçımız Pərviz Qasımovun adı Gənc istedadların “Qızıl kitabı”na salınıb, o, aylıq təqaüdə layiq görülüb. Həmçinin Toğrul Həsənzadəyə pul mükafatı verilib. Ümumiyyətlə, ötən il ərzində muxtar respublikamızda 4 dəfə Naxçıvan Muxtar Respublika birinciliyi, 5 dəfə FİDE-də qeydiyyata düşmüş beynəlxalq reytinqli açıq birinciliklər keçirilib, əlamətdar günlərdə müxtəlif səviyyəli yarışlar təşkil olunub, yarışların qalib və mükafatçılarına diplom və hədiyyələr verilib. Televiziya vasitəsilə həftəlik şahmat dərsləri tədris olunub. Hesabat dövründə Şahmat Federasiyasının 1 beynəlxalq qrossmeysteri, 2 beynəlxalq ustası, 3 FİDE ustası olub.
Şərur Rayon Şahmat Məktəbinin direktoru İbrahim Əsgərov yaradılan şəraitə görə minnətdarlığını bildirib və rayonda şahmatın kütləviliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, nazirlik muxtar respublikada yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir. Ötən il nazirlik Şahmat Federasiyası ilə birgə bir çox tədbirlər həyata keçirib, bu idman növü üzrə uğurlu nəticələr əldə edilib. Hər il ənənəvi olaraq keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq Şahmat Festivalı ilin mühüm idman tədbirlərindən biri olub. Sevindirici haldır ki, muxtar respublikamızın 8 şahmatçısı da bu turnirin mükafatçıları sırasında yer alıb. Ümumilikdə, ötən il ərzində şahmat üzrə keçirilən beynəlxalq yarışlarda federasiya idmançılarının çıxışını qənaətbəxş hesab etmək olar. Beynəlxalq və respublika miqyaslı yarışlarda qazanılan nailiyyətlər Naxçıvanda bu idman növünün inkişafının əsas göstəricisidir.
Azad Cabbarov vurğulayıb ki, nazirlik və federasiyanın birgə fəaliyyətinin əsas istiqamətlərindən biri şahmatın muxtar respublikada tədrisini təşkil etməkdir. Bu məqsədlə Bakı şəhərindən dəvət edilmiş mütəxəssislər vasitəsilə yerli məşqçi-müəllim heyəti ilə seminarlar keçirib, onların metodik vərdişləri təkmilləşdirilib. Məhz görülən işlərin məntiqi nəticəsi olaraq, artıq bu ilin ilk günlərində Naxçıvan şahmatçısı Sadiq Məmmədov FİDE ustası dərəcəsinə layiq görülüb.
İclasa yekun vuran Şahmat Federasiyasının sədri Vüqar Səfərov deyib ki, ötən il Naxçıvan Şahmat Mərkəzində növbəti imtahanlar təşkil olunub, imtahanda iştirak edən 297 nəfərdən 140-ı şahmat dərsini tədris etmək üçün müvafiq sertifikatlar alıb. Federasiyanın sədri yaradılan şəraitdən düzgün istifadə edərək 2018-ci ildə də yeni şahmatçılar nəslinin yetişdirilməsinə nail olacaqlarına, ölkə və beynəlxalq yarışlarda muxtar respublikamızın adını qaliblər sırasına yazdıracaqlarına əmin olduğunu bildirib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yekun iclas keçirilib.
Federasiyanın sədri Hafiz Yaqubov çıxış edərək bildirib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
Federasiyanın sədri diqqətə çatdırıb ki, muxtar respublikada mövcud müasir təhsil və idman infrastrukturu gənc nəslin yaxşı təhsil almasına və müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaradır. Bütün idman növlərində olduğu kimi, hava və ekstremal idman növlərinə olan maraq da hər il artmaqdadır. Ötən illərdə federasiya tərəfindən müxtəlif idman növləri üzrə yarışlar, idman tədbirləri keçirilib. Muxtar respublika idman yarışlarında uğur qazanan idmançılarımız ölkə birinciliyində mübarizə aparıblar. 2017-ci ildə də federasiya tərəfindən idman tədbirləri davam etdirilib, 5 velosiped yarışı, 11 yürüyüş və klublar daxili təlim-məşqlər keçirilib. Ötən il federasiyanın dağ idman növləri üzrə görüləcək tədbirlər çərçivəsində süni divar qurulması məqsədilə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birlikdə işlər aparılıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, idmanın bu növünün muxtar respublikada inkişafının təmin edilməsi məqsədilə rayonlarda birinciliklər keçirilib. Həmçinin dağ və digər ekstremal idman növləri üzrə təlim-məşq proseslərinin təşkili və bu sahədə maarifləndirici işlərin aparılması məqsədilə Bakı şəhərindən dəvət olunmuş təlimçi-məşqçilər yerli məşqçi və idmançılara müvafiq proqram əsasında təlimlər keçiblər.
Azad Cabbarov vurğulayıb ki, nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb. İlboyu müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil edilib. İdmançı və məşqçi heyətin Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təmin olunması da ötən il bu sahədə həyata keçirilən tədbirlər sırasındadır.
Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxışında ötən il federasiyanın gördüyü işlər barədə hesabat verib.
İclasa yekun vuran Hafiz Yaqubov deyib ki, federasiya 2018-ci ildə də fəaliyyətində təlim-məşqlərin, yeni idman yarışlarının keçirilməsinə diqqəti daha da artıracaq.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR