Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müəyyən tədbirlər təşkil olunur.
Ötən gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Həmkarlar İttifaqları Şurası və Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Naxçıvan şəhər 2 nömrəli Təqaüdçülər Klubunda ahıllar arasında nərd, dama və şahmat üzrə yarış keçirilib.
Yarışdan öncə çıxış edənlər muxtar respublikada ahıllara göstərilən dövlət qayğısından, onların sosial-mədəni tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışıblar.
Sonra yarışa start verilib. Ümumilikdə, 42 iştirakçının mübarizə apardığı yarış (22 nəfər nərd, 12 nəfər şahmat, 8 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən nərd yarışında qalib adını Vasif Əhmədov qazanıb. Ramiz Quliyev ikinci, Hikmət Rzayev üçüncü olublar. Şahmat yarışında ilk üç pillədə Nağı Əliyev, Rəşid Sultanov və Əlibəy Kəngərli qərarlaşıblar. Dama yarışında isə Kəmaləddin İsayev bütün rəqiblərini üstələyib. Nurəddin Səfərəliyev ikinci, İlham Sadiqov isə üçüncü olublar.
Yekunda qaliblər mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV